Deputat Vüqar İsgəndərov  Sia.az saytına açıqlamasında bildirib ki, 2020-ci il qələbəmizdən sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çox böyük bərpa, quruculuq, tikinti işləri görülür: “Bu işlər çərçivəsində cənab Prezident tərəfindən irəliyə vəzifə kimi qoyulmuş "Böyük Qayıdış" konsepsiyası icra olunmağa başlayıb. Dövlətimiz, bir neçə dost dövlətlərin şirkətləri azad edilmiş bölgələrimizdə yaşayış binaları, ağıllı kənd və şəhər konsepsiyaları icra edirlər. Füzulidə, qismən Şuşada, Laçında məskunlaşma prosesləri həyata keçirilir. Dövlət başçısının dediyi kimi, 2026-cı ilin sonuna qədər həmin bölgələrimizə 140 min vətəndaşımız qayıdacaq. Bu proses gələcəkdə də davamlı olacaq. Çünki həmin bölgələrdə insanlar yüz, min illərlə yaşayıblar, bundan sonra da daimi yaşayacaqlar. Bu proses Azərbaycan dövləti tərəfindən ən layiqli formada həyata keçiriləcək".

Deputat bildirib ki, işlərin daha sürətli getməsinə mane olan cəhətlər erməni vandalları tərəfindən basdırılmış minalardır: “Dövlətimizin öz hesabına minalar təmizlənir. Paralel olaraq da tikinti işləri baş verir. Bütün bunlar həm də ölkəmizin gücünə, qüdrətinə işarədir. Biz iqtisadi potensialımıza, insan resurslarımıza, yeni texnologiyalara əsaslanaraq bunları həyata keçiririk. Bu da bizim dünyada artan nüfuzumuzun bariz nümunəsidir”.

Yazını hazırladı: Cavanşir Abbaslı