Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İmaməli İbrahimov 17 yanvar 1995-ci ildə Lerik rayonunun Hovil kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2020-ci ilin yanvar ayında isə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıdıb. İmaməli İbrahimov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib və noyabrın 9-da qəhrəmancasına şəhid olub.

İmaməli İbrahimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!