“Vətəndaş cəmiyyəti nümayəndələri ölkənin hər bir dönəmində milli maraqları qoruyaraq Dövlətin yanında olub. Son illərdə isə QHT-lərin bu dəstəyi daha çox hiss olunmaqdadır. Belə ki, 44 günlük müharibədə QHT üzvləri xalqımızın hər bir nümayəndəsi kimi Ali Baş Komandanın ətrafında birləşmiş, öz imkanları çərçivəsində Orduya dəstək olmuş, Şəhid ailələri, müharibədən zərər çəkmiş şəxslər və onların ailələrinə köməklərini əsirgəməmişdirlər”.

Bu fikirləri Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, müharibədən sonra da Ermənistanın Azərbaycana qarşı davam edən ekoloji terrorunun, eləcə də ölkəmizin faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qanunsuz şəkildə istismarının qarşını almaq məqsədilə keçirilən ekoloji aksiyalarda Qeyri-hökumət təşkilatlarının rolu danılmazdır: “Onlar Azərbaycanın vətəndaş cəmiyyətinin gücünü, haqq sözünü dünyaya, beynəlxalq təşkilatlara göstərə bildilər. Bu gün artıq işğaldan torpaqlarımız azad edilən, siyasəti, iqtisadiyyatı güclü olan, beynəlxalq arenada öz sözünü deyə bilən ölkənin vətəndaşlarıyıq. Ölkəmizin inkişafının belə yüksələn templə davam etməsini izləmək, fəxrlə vətəndaşı olduğumuz Azərbaycanın sabahı, gələcəyi bizim – Azərbaycan Respublikasının vətəndaşlarının əlindədir. Buna nail olmaq üçün isə hər birimiz 7 fevral keçiriləcək Prezident seçkilərinə getməli və Azərbaycanın inamlı gələcəyi üçün səs verməliyik”.

 

 

Pərvanə Fərhadqızı