"09.06.2026 tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində keçirilən infoturda iştirak etdim və vakant vəzifələrin tutulması üçün təşkil olunan test imtahanı prosesi ilə tanış oldum".

QHT.az bildirir ki, bu fikirləri "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev açıqlayıb.

Əliməmməd Nuriyev bildirib ki, onun üçün əsas məsələ test imtahanını izləmək deyil, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişaf istiqamətini müşahidə etmək olub.

Ə.Nuriyevin sözlərinə görə, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sahəsində müsbət təcrübə formalaşdırıb və bugünkü görüş də bunun davamı olub: "Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sahəsində maraqlı təcrübə formalaşdırıb. Bu gün keçirilən görüş də həmin yanaşmanın davamı idi. Müzakirələr açıq keçdi, suallar verildi, fərqli fikirlər səsləndirildi və ən əsası, bu fikirlər diqqətlə dinlənildi".

O vurğulayıb ki, vətəndaş cəmiyyətinin proseslərdə müşahidəçi deyil, daha fəal iştirakçı kimi çıxış etməsinin vaxtı çatıb: "Müzakirələr zamanı bir fikri xüsusi vurğuladım. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin imtahan proseslərini müşahidə etməsi artıq keçilmiş mərhələdir. Növbəti mərhələdə vətəndaş cəmiyyəti proseslərin daha fəal iştirakçısına çevrilməlidir".

Əliməmməd Nuriyev qeyd edib ki, gələcəkdə QHT nümayəndələri və müstəqil ekspertlərin müsabiqə komissiyalarında iştirakı nəzərdən keçirilə bilər: "Düşünürəm ki, gələcəkdə sahə üzrə ixtisaslaşmış QHT nümayəndələrinin və müstəqil ekspertlərin müsabiqə komissiyalarının fəaliyyətində iştirak imkanları da nəzərdən keçirilə bilər. Bu, bir tərəfdən ictimai etimadı gücləndirər, digər tərəfdən isə dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında tərəfdaşlığı daha da möhkəmləndirər".

O bildirib ki, vətəndaş cəmiyyətinin real iştirakı milli fəaliyyət planlarının əsas hədəflərindən biridir: "Əslində, korrupsiyaya qarşı mübarizə və açıq idarəetmə sahəsində qəbul edilmiş milli fəaliyyət planlarının əsas məqsədlərindən biri də məhz budur – vətəndaş cəmiyyətinin proseslərdə formal deyil, real iştirakı".

Ə.Nuriyevin sözlərinə görə, bu istiqamətdə artıq müəyyən addımların atılması və yeni yanaşmaların müzakirəsi müsbət qiymətləndirilməlidir.

O, Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində tətbiq olunan təcrübə digər publik hüquqi şəxslər üçün də nümunə ola biləcəyini deyib: "Mən hesab edirəm ki, Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzində tətbiq olunan təcrübə gələcəkdə digər publik hüquqi şəxslər üçün də faydalı model ola bilər".

Sonda Əliməmməd Nuriyev tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.