Quba İş Adamlarına Dəstək İctimai Birliyinin (QİAD) idarə heyətinin üzvləri C “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yeni istifadəyə verilmiş ofisində qonaq olub.

QHT.az xəbər verir ki, görüşün məqsədi İctimayi birliyin fəaliyyətinin yaxından tanış olmaq, həmçinin gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Qonaqları salamlayan “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB-nin rəhbərliyi Tünzalə Abduləlimova təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr və qarşıdakı planlar barədə ətraflı məlumat verib.

QİAD nümayəndələri yeni ofisin fəaliyyəti ilə tanış olaraq burada şəhid ailələri üçün yaradılmış şəraitə yüksək qiymət veriblər. Görüş zamanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluq imkanlarının artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

QİAD idarə heyətinin üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayaraq, bu istiqamətdə həyata keçirilən təşəbbüslərə dəstək verməyə hazır olduqlarını bildiriblər. Öz növbəsində “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB-nin nümayəndələri göstərilən maraq və dəstəyə görə təşəkkür edərək, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə inandıqlarını qeyd ediblər.

Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb. Tərəflər gələcəkdə şəhid ailələrinin rifahına xidmət edən sosial layihələrdə birgə iştirak etmək niyyətlərini ifadə ediblər.