“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində “Vətən Naminə” Futbol Klubunun təşkilatçısı və məşqçisi qonaq olublar.
QHT.az xəbər verir ki, görüş zamanı klubun fəaliyyəti, əldə etdiyi nailiyyətlər və qarşıda duran məqsədlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səmimi və işgüzar şəraitdə keçən görüşdə klub rəhbərliyi “Vətən Naminə” FK-nın yaranma məqsədi, gənclərin idmana cəlb olunması istiqamətində görülən işlər, vətənpərvərlik ruhunun təbliği və sağlam həyat tərzinin təşviqi sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, klubun əsas məqsədlərindən biri gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, şəhid ailələri və qazilərə ehtiram hissinin aşılanması, eyni zamanda istedadlı futbolçuların üzə çıxarılaraq inkişafına dəstək göstərilməsidir.
Görüş zamanı futbol komandasının gələcək planları da müzakirə olunub. Qeyd edilib ki, yaxın aylarda komandanın heyətinin daha da gücləndirilməsi, müxtəlif yaş qrupları üzrə futbolçuların hazırlığının artırılması və yeni məşq proqramlarının tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, yerli və respublika səviyyəli turnirlərdə iştirakın genişləndirilməsi, yoldaşlıq görüşlərinin təşkili və regionlarda fəaliyyətin genişləndirilməsi istiqamətində addımlar atılacaq.
Klub rəhbərliyi gələcəkdə şəhid ailələrinin övladları və aztəminatlı ailələrdən olan uşaqlar üçün xüsusi futbol layihələrinin həyata keçirilməsinin planlaşdırıldığını da vurğulayıb. Bu layihələrin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların idmana marağının artırılması və peşəkar futbol mühitinə inteqrasiyasına şərait yaratmaqdır.
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri də öz növbəsində klubun fəaliyyətini yüksək qiymətləndirərək, bu cür təşəbbüslərin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər. Təşkilat və futbol klubu arasında gələcək əməkdaşlıq imkanları, birgə sosial və idman layihələrinin həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olub.
Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatıb. Tərəflər milli dəyərlərin, vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin təbliği istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. “Vətən Naminə” FK-nın qarşıdakı dövrdə həm idman sahəsində, həm də sosial layihələr çərçivəsində yeni uğurlara imza atacağına inam ifadə olunub.






