Bu gün Quba Şahdağ Truskaves Mərkəzində müalicə və bərpa proqramlarında iştirak edən şəhid ailələri, qazilər və onların ailə üzvləri üçün  Quba Şəhidlər Xiyabanına, Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil edilib. Ziyarətin məqsədi iştirakçıların Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan 1918-ci il Quba soyqırımı haqqında daha ətraflı məlumat əldə etmələri, şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi olub.

QHT.az xəbər verir ki,ədbir çərçivəsində iştirakçılar memorial kompleksdə nümayiş olunan eksponatlar, arxiv materialları və tarixi sənədlərlə tanış olublar. Bələdçilər tərəfindən qonaqlara 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən Quba və ətraf bölgələrdə törədilmiş kütləvi qırğınlar haqqında ətraflı məlumat verilib, günahsız insanların məruz qaldığı faciələrdən bəhs edilib.

Ziyarət zamanı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla anılıb, onların ruhuna dualar oxunub. İştirakçılar xalqımızın keçdiyi çətin və şərəfli tarixi yolu bir daha xatırlayaraq, milli yaddaşın qorunmasının vacibliyini vurğulayıblar.

Şəhid və qazi ailələri belə maarifləndirici və mənəvi əhəmiyyət daşıyan tədbirlərin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, bu cür ziyarətlər milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsi və gənc nəsillərə tarixi həqiqətlərin çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Quba Şahdağ Truskaves Reabilitasiya və Sağlamlıq Mərkəzi tərəfindən şəhid ailələri və qazilərin sosial rifahının yüksəldilməsi, onların mənəvi dəstəklə əhatə olunması istiqamətində müxtəlif tədbirlərin təşkili bundan sonra da davam etdiriləcək.