Müasir dünyada mühüm problemlərindən biri də “fake news” məlumatlar və onun yaratdığı problemlərdir. Dezinformasiya, məlumat manipulyasiyası ideoloji təxribatların törədilməsi üçün mühüm baza olaraq, informasiya müharibəsində əsas yer tutur. Texnoloji inkişafın indiki mərhələsində beynəlxalq münasibətlərin, siyasətin, təhlükəsizlik məsələlərinin və media mühitinin əsas mövzularından biri “fake news”a qarşı mübarizə və onun qarşısının alınması, cəmiyyətlərin buna hazırlanmasıdır.
Texnoloji inkişafın indiki mərhələsindən əvvəl cəmiyyətlərə təsir göstərmək, onun maraqlarının müdafiəçisi obrazı yaratmaq üçün digər varinatlar – müxtəlif vədlər, siyasi təkliflər, iqtisadi dotasiyalar təklif edilirdisə, müasir dövrdə bunlar arxa plana keçib. Daha çox dezinformasiya, saxta məlumat və təsir metodları ilə cəmiyyətin ehtirasları ilə manipulyasiya edilir. İnsanların istəkləri və ya qəzəblərini hədəf alaraq, onları öz planlarının əsirinə çevirməyə çalışırlar. Cəmiyyətin müxtəlif qruplarını bu üsulla istiqamətləndirmək üçün də əsas vasitə informasiyanı təhrif etmək və emosiyaları sağlam düşüncə rəqabətindən qalib çıxarmaqdır. Bütün bunlar isə “fake news” əsasında həyata keçirilir.
İstər müasir münaqişələrə, istərsə də cəmiyyətlərarası qarşıdrumalara, yaxud cəmiyyətin müxtəlif siyasi, sosial qrupları arasındakı qarşıdurmalara nəzər saldıqda, demək olar ki, bütün mərhələlərdə – başlanğıcında, prosesin gedişində və nəticələrinin formalaşdırılmasında – informasiya müharibəsinin əsasını təşkil edən “fake news”un dominantlığının şahidi olmaq mümkündür.
İnformasiya bu gün müasir dünyanın ən güclü qeyri-hərbi silahına çevrilib — müasir müharibələrdə PUA-lar nədirsə, qlobal güc balansında informasiya da odur. Bu sahəyə yönəldilən milyardlarla vəsait onun strateji çəkisini açıq şəkildə ortaya qoyur. Lakin müxtəlif güclər və qruplar öz maraqlarını qorumaq üçün çirkli informasiyaya əl atır və bunu “fake news” “silahı” ilə həyata keçirirlər.
Texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin qlobal miqyasda yayılması və süni intellekt alətlərinin geniş və əlçatan olması saxta məlumatların hazırlanmasını və yayılmasını əvvəlki dövrlərlə müqayisədə xeyli asanlaşdırıb.
Bu gün bir neçə dəqiqə ərzində hazırlanmış saxta foto, video və xəbərlər milyonlarla insana çatdırıla bilir. Belə məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır, dövlət institutlarına etimadı sarsıdır, sosial, iqtisadi və siyasi proseslərə təsir edir, qarşıdurmaları dərinləşdirir. Müasir dövrdə bu problemlər təkcə dövlətlər və beynəlxalq təşkilatlar üçün deyil, ayrı-ayrı vətəndaşlar üçün də ciddi təhlükəyə çevrilib. Xüsusilə ictimai nüfuza malik şəxslərə, ziyalılara, dövlət təmsilçilçilərinə, məmurlara, tanınmış insanlara qarşı dezinformasiya kampaniyaları təşkil edilir. Bu saxta məlumatlar bir çox hallarda şəxsi münaqişələrin və ya qisasçılıq məqsədlərinin alətinə çevrilir. Nəticədə cəmiyyətdə təhqir, etimadsızlıq və qarşıdurma mühiti formalaşır.

“Fake news” nədir və niyə bu qədər geniş yayılıb?
“Fake news”, yaxud saxta xəbər həqiqəti əks etdirməyən, auditoriyada real informasiya təəssüratı yaratmaq məqsədilə qəsdən hazırlanmış məlumatdır. Bu məlumatların məqsədi siyasi təsir imkanlarına sahib olmaq, ictimai rəyi istiqamətləndirmək, seçki proseslərinə müdaxilə etmək, iqtisadi üstünlük əldə etmək, sosial gərginlik yaratmaq və ya dövlətlərin, təşkilatların, yaxud şəxslərin nüfuzuna zərbə vurmaqdır.
Mütəxəssilərin araşdırmasına görə saxta məlumatlar əsasən iki kateqoriyaya ayrılır:
Birinci kateqoriyaya yanlış məlumatlar (misinformation) daxildir. Bu məlumatlar adətən qəsd olmadan, səhv və ya yanlış anlama nəticəsində yayılır.
İkinci kateqoriya isə dezinformasiya (disinformation) daxildir. Dezinformasiya isə əvvəlcədən planlaşdırılmış şəkildə hazırlanır və müəyyən məqsədlərə nail olmaq üçün dövriyyəyə buraxılır.
Son illər qlobal informasiya məkanında dezinformasiyanın daha geniş yayıldığı müşahidə olunur və bu proses trendə çevrrilməkdə davam edir. “Fake news” fenomeni internet və sosial şəbəkələrin məhsulu olsa da, bununla bağlı tarixi faktlar da var. Saxta məlumatlar və dezinformasiya tarixdə də mövcud olub və mühüm alətlərdən biri kimi istifadə olunub.
Tarixi faktlara görə, ilk genişmiqyaslı siyasi dezinformasiya kampaniyalarından biri Roma imperatoru Avqustun hakimiyyət uğrunda mübarizəsi zamanı baş verib. O, rəqibi Mark Antoninin nüfuzunu zəiflətmək məqsədilə müxtəlif şayiələrin və təbliğat materiallarının yayılmasını təşkil edib.
Sonrakı əsrlərdə də müxtəlif siyasi məqsədlər üçün saxta məlumatlardan istifadə olunub.
XV əsrdə çap texnologiyasının inkişafı belə məlumatların daha geniş və sürətli yayılmasına imkan yaradırdı. Bununla yanaşı dezinformasiyanın da əhatə dairəsi genişləndi.
XVIII əsrdə Avropanın bir çox ölkələrində siyasi təbliğat və böhtan xarakterli materiallar ictimai rəyə təsir göstərmək üçün geniş istifadə edilirdi. Bununla bağlı bəzi tarixi faktlara istinad etmək yerinə düşər.
1835-ci ildə ABŞ-də baş vermiş məşhur “Great Moon Hoax” hadisəsi saxta xəbərlərin tarixində xüsusi yer tutur. Həmin dövrdə bəzi qəzetlər Ayda canlıların yaşadığı barədə tamamilə uydurma məlumatlar dərc etmiş və minlərlə insan bu xəbərlərə inanmışdı.
1938-ci ildə radio vasitəsilə yayımlanan “War of the Worlds” tamaşası da informasiya tarixinin ən məşhur hadisələrindən biri hesab olunur. Tamaşa bəzi dinləyicilər tərəfindən real xəbər kimi qəbul edilmiş və müəyyən bölgələrdə kütləvi təşvişə səbəb olmuşdu. Bütün bu faktlar göstərir ki, saxta məlumatlar müasir dövrün deyil, uzun tarixi inkişaf prosesinin məhsuludur. Fərqli dövrlərdə və müxtəlif siyasi şəraitlərdə “fake news” ideoloji təxribatların əsas vasitələrindən biri kimi istifadə olunub.

“Fake news”un alətə çevrilməsi
Bu gün “fake news” bütün istiqamətdlərdə tətbiq edilən güclü bir vasitədir. Seçki dövrlərində saxta xəbərlərlə rəqiblərin nüfuzuna zərbə vurmaq, seçicilərin fikrini dəyişmək cəhdi və gündəmi manipulyasiya etmək üçün geniş istifadə olunur. Yayılan informasiyalara görə, 2016-cı ildə ABŞ-də keçirilən prezident seçkiləri zamanı sosial şəbəkələrdə milyonlarla istifadəçi dezinformasiyaya məruz qaldı. Həmin məlumatlara görə, paylaşılan xəbərlərin əhəmiyyətli hissəsi isə ya tamamilə saxta, ya da ciddi şəkildə təhrif olunmuş məlumatlardan ibarət olub.
“Fake news”dan dövlətlər də xarici siyasət aləti kimi istifadə edir. Mövqelərin zəiflədilməsində, beynəlxalq ictimai rəyin formalaşmasında saxta informasiya əməliyyatları geniş tətbiq olunur. Eyni zamanda iqtisadi maraqlar üçün də bu vasitədən yararlanılır. Bunun da məqsədi əlavə maliyyə mənbələrinə çıxış, kommersiya maraqlarını təmin etmək, eyni zamanda sosial qarşıdurmalar yaratmaq və həssas mövzularda cəmiyyətlər daxilində parçalanmaya nail olmaqdır.
Araşdırmalara görə, “fake news” ABŞ, Rusiya, Ukrayna, Meksika və Avropa ölkələrində geniş yayılıb. ABŞ və Meksikada bu daha çox seçki dövrlərində müşahidə olunursa, Rusiya və Ukrayna üçün saxta məlumatların istifadəsi davam edən münaqişə fonunda da aktualdır. Avropa ölkələri isə seçki və ictimai debatlar zamanı dezinformasiyaya qarşı mübarizə proqramları tətbiq etsələr də, saxta xəbərlərin yayılması hələ də öz dominantlığını saxlamaqda davam edir.

Sosial şəbəkələr və süni intellekt saxta xəbərin dayanıqlı məkanı rolunda
Sosial şəbəkələr və süni intellekt müasir dövrdə saxta xəbərlərin yayılmasını asanlaşdıran əsas amillərdən birinə çevrilib. “Facebook”, “X”, “YouTube”, “TikTok” və “Instagram” kimi platformalarda məlumatın saniyələr içində geniş auditoriyaya çatması dezinformasiyanın yayılma sürətini daha da artırır. Bu platformalarda işləyən alqoritmlər istifadəçinin maraq göstərdiyi məzmunu önə çıxardığı üçün emosional və diqqətçəkən xəbərlər daha çox paylaşılır və nəticədə daha geniş kütlələrə çatır.
Tədqiqatlar göstərir ki, saxta məlumatlar çox vaxt həqiqi xəbərlərlə müqayisədə daha sürətli yayılır. Bunun əsas səbəbi onların insanlarda daha güclü emosional reaksiya yaratmasıdır ki, bu da paylaşılma ehtimalını artırır. Son illərdə süni intellekt texnologiyalarının inkişafı bu problemi daha da mürəkkəbləşdirib. Artıq real görüntüyə çox bənzəyən saxta fotolar, səs klonlaması və xüsusilə “deepfake” videolar vasitəsilə tanınmış şəxslərin guya müəyyən fikirlər söylədiyi inandırıcı materiallar hazırlamaq mümkündür. Bu cür məzmunun həqiqiliyini adi istifadəçinin müəyyən etməsi getdikcə çətinləşir və bu da informasiya təhlükəsizliyi baxımından əlavə risklər yaradır.
Nəticədə cəmiyyətin informasiya təhlükəsizliyi daha çox risk altına düşür. Saxta məlumatların təsiri yalnız rəqəmsal mühitlə məhdudlaşmır. O, cəmiyyətdə etimadsızlığın artmasına, siyasi qütbləşmənin dərinləşməsinə və sosial gərginliyin yüksəlməsinə səbəb olur. Bundan başqa, xüsusilə sağlamlıq və fövqəladə hallar kimi həssas sahələrdə yanlış qərarların verilməsinə də yol aça bilər. Süni intellektin daha geniş istifadəsi ilə bu risklər daha da aktuallaşır. Çünki yaradılan məzmunun gerçək olub-olmamasını ayırd etmək əvvəlkindən xeyli çətindir və bəzi hallarda insanlar yeni texnologiyalara həddən artıq güvən göstərirlər.

“Fake news”la mübarizə yolları
Müxtəlif ölkələrdə saxta xəbərlərin və dezinformasiyanın yaratdığı riskləri azaltmaq üçün müxtəlif yanaşmalar tətbiq etməyə başlanılıb.
Mütəxəssislərin fikrincə, “fake news” problemi təkcə texnoloji həllərlə aradan qaldırmaq mümkün deyil. Bunun üçün texniki, sosial və maarifləndirici istiqamətləri birləşdirən strategiya hazırlamaq lazımdır. Əsas prioritetlər isə informasiya savadlılığının artırılması, faktların yoxlanılması sistemlərinin təkmilləşdirilməsi, peşəkar jurnalistikanın dəstəklənməsi, sosial platformaların məsuliyyət mexanizmlərinin gücləndirilməsi, süni intellekt əsaslı aşkarlama texnologiyalarının tətbiqi və etibarlı məlumat bazalarının formalaşdırılması olmalıdır.
Bu tədbirlərin səmərəliliyinin artırılması üçün dövlət strukturları və vətəndaş cəmiyyəti prosesdə aktiv və birgə iştirak etməlidir.
Cəmiyyətin məlumatlılıq səviyyəsi yüksəldikcə, saxta xəbərlərin təsir gücü də əhəmiyyətli dərəcədə azalacaq.
İnformasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas komponentlərindən biri olması bu strateji konsepsiyanın qəbul olunmasını daha vacib edir. Ona görə ki, informasiya axınının sürətlənməsi, sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi və süni intellekt texnologiyalarının geniş yayılması dezinformasiyanı qlobal miqyasda ciddi təhlükəyə çevirib.
Tarixən mövcud olsa da, saxta məlumatların yayılması müasir texnologiyalar sayəsində daha asan və daha sürətlidir. Əvvəllər geniş auditoriyaya çatmaq üçün uzun zaman və əlavə resurslar tələb olunurdusa, indi saniyələr içində bir xəbər milyonlarla insana yayıla bilir. Bu isə ictimai rəyə təsir göstərmək və sosial prosesləri yönləndirmək imkanlarını xeyli genişləndirir.
Rəqəmsal platformaların inkişafı və süni intellektin imkanlarının genişlənməsi bu proseslərin daim diqqətdə saxlanılmasını vacib edir. Xüsusilə “deepfake” texnologiyaları və generativ süni intellekt sistemləri saxta məzmunun yaradılmasını daha inandırıcı və çətin aşkar olunan hala gətirir. Bu səbəbdən informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil, eyni zamanda hüquqi, sosial və maarifləndirici yanaşmaları tələb edən geniş bir sahədir.
Saxta məlumatlarla mübarizədə əsas vasitələrdən biri media savadlılığının inkişafıdır. İnsanların informasiyanı tənqidi qiymətləndirmə bacarığı, mənbələrin doğruluğunu yoxlaması və manipulyasiya cəhdlərini tanıması vacibdir. Bununla yanaşı, jurnalistikanın peşəkarlığının artırılması, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və platformaların məsuliyyət daşıması da mühüm rol oynayır.
Nəticə olaraq, ideoloji təxribatlar və “fake news” müasir dövrün ən aktual informasiya problemlərindən biridir. Bu təhlükənin azaldılması yalnız dövlətlərin deyil, media qurumlarının, texnoloji platformaların və hər bir fərdin birgə məsuliyyətini tələb edir. Düzgün informasiya seçmək, onu analiz etmək və etibarlı mənbələrə əsaslanmaq isə sağlam informasiya mühitinin formalaşmasında əsas rol oynayır.
QEYD: Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “İdeoloji təxribatlar və “fake news” məlumatlara qarşı maarifləndirmə və qorunma yolları” layihəsi çərçivəsində hazırlanıb.






