ABŞ-də aparılan yeni araşdırma göstərib ki, uşaqların kifayət qədər su içib-içməməsi böyük ölçüdə valideynlərinin gündəlik su qəbulundan asılıdır. Araşdırmanın nəticələri The Journal of Nutrition jurnalında dərc olunub. 

QHT.az xarici mediaya istinadən bildirir ki, alimlər müəyyən ediblər ki, kifayət qədər su içən valideynlərin övladları da gün ərzində daha çox su qəbul edir və susuzlaşma riski daha aşağı olur. Əksinə, valideynlər az su içdikdə, uşaqların da eyni vərdişi mənimsəmə ehtimalı artır. Araşdırmada ABŞ-də uşaqların təxminən 80 faizinin tövsiyə olunan gündəlik su miqdarını qəbul etmədiyi qeyd olunur. 

Mütəxəssislər bildirirlər ki, kifayət qədər su qəbul etməmək diqqətin zəifləməsinə, yorğunluğa, baş ağrılarına və fiziki fəaliyyət zamanı performansın aşağı düşməsinə səbəb ola bilər. Onların fikrincə, uşaqlarda sağlam su içmə vərdişi formalaşdırmağın ən təsirli yollarından biri valideynlərin özlərinin nümunə olmasıdır. 

Piranə Xasiyeva