QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər yay aylarında istidən qorunmaq üçün istifadə olunan kondisionerlərin düzgün istifadə edilmədiyi halda, xüsusilə ürək xəstələri üçün təhlükə yarada biləcəyini bildirirlər.

Kardioloqların sözlərinə görə, tərlədikdən sonra qəfil çox soyuq mühitə daxil olmaq və ya isti havada dərhal soyuq suya girmək ürək ritmində pozğunluqları tətikləyə bilər. Mütəxəssislər vurğulayırlar ki, orqanizm ani temperatur dəyişikliklərindən qorunmalı, otaqlar isə tədricən sərinləşdirilməlidir.

Xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə kondisioneri çox aşağı – məsələn, 17°C temperaturda işlədərək birbaşa qarşısında yatmamaq tövsiyə olunur. Həkimlər bildirirlər ki, cihazın otaq üçün optimal temperatura uyğun tənzimlənməsi və isti-soyuq mühitlər arasında keçidlərin mərhələli şəkildə edilməsi sağlamlıq baxımından daha təhlükəsizdir.

Mütəxəssislər əlavə edirlər ki, kondisionerin hava axınının birbaşa bədənə yönəlməməsi və temperatur fərqinin kəskin olmaması ürək-damar sistemi üçün yarana biləcək riskləri azaltmağa kömək edir.