Yay mövsümündə havaların həddindən artıq isti keçməsi sağlamlıq üçün ciddi risklər yaradır. Mütəxəssislər yüksək temperatur və rütubətin orqanizmdə maye və mineral itkisini sürətləndirdiyini, bunun isə başgicəllənmə, halsızlıq, ürəkbulanma və huşun itirilməsi kimi problemlərə səbəb ola biləcəyini bildirirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, xüsusilə xroniki xəstəlikləri olan şəxslər, yaşlılar, azyaşlı uşaqlar, hamilə qadınlar və açıq havada çalışanlar isti havanın təsirlərinə qarşı daha həssasdır. Bu səbəbdən həmin qrupların günün ən isti saatlarında ehtiyatlı davranması tövsiyə olunur.
Mütəxəssislərin sözlərinə görə, orqanizmin su balansını qorumaq üçün hər kiloqram bədən çəkisinə təxminən 35 millilitr su qəbul edilməlidir. Bu isə orta hesabla böyüklərin gün ərzində 2,5–3 litr su içməsi deməkdir.
Eyni zamanda, susuzlaşdırıcı təsir göstərən çay, qəhvə və qazlı içkilərin həddindən artıq qəbulundan çəkinmək tövsiyə edilir. Onların əvəzinə su, ayran, az yağlı süd və təbii meyvə şirələrinə üstünlük verilməsi məsləhət görülür.
Qidalanmada da yüngül yeməklərə üstünlük verilməlidir. Yağlı, qızardılmış yeməklər və xəmir məmulatları əvəzinə az yağlı pendir, zeytun, təzə tərəvəzlər, meyvələr, eləcə də qaynadılmış və ya sobada bişirilmiş yeməklərin seçilməsi daha faydalıdır.
Bundan əlavə, isti havalarda açıq rəngli və rahat geyimlərdən istifadə etmək, gün ərzində ilıq duş qəbul etmək və günəş şüalarının daha intensiv olduğu saatlarda uzun müddət açıq havada qalmamaq tövsiyə olunur.












