Mütəxəssislər ürək-damar sağlamlığını dəstəkləmək üçün bahalı qida əlavələri və xüsusi məhsullar əvəzinə gündəlik qidalanmada düzgün seçimlər etməyi tövsiyə edirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, gündəlik həyatın qayğıları ilə yanaşı, sağlam qidalanmaq və ərzaq xərclərini nəzarətdə saxlamaq hər zaman asan olmur. Ürək sağlamlığı dedikdə ağla ilk gələn somon balığı, zeytun yağı və bahalı qida əlavələri hər kəs üçün əlçatan olmaya bilər.
Lakin mütəxəssislərin fikrincə, daha münasib qiymətə əldə edilən qidalarla da ürək-damar sisteminin sağlamlığını dəstəkləmək mümkündür.
Tam taxıllı məhsullar, omeqa-3 yağ turşuları ilə zəngin konservləşdirilmiş balıqlar, kalium mənbəyi olan tərəvəzlər və bitki mənşəli zülalla zəngin paxlalılar bu baxımdan faydalı seçimlər hesab olunur.
Düzgün qidalanma vərdişləri ürək-damar xəstəlikləri riskinin azaldılmasına kömək edə bilər. Bunun üçün gündəlik menyuda tərəvəzlərə, meyvələrə, tam taxıllara və paxlalılara yer vermək, duzun və doymuş yağların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.
Qeyd edək ki, heç bir qida infarkt riskini tam aradan qaldırmır. Ürək sağlamlığının qorunması üçün balanslı qidalanma ilə yanaşı, fiziki aktivlik, qan təzyiqinə və xolesterin səviyyəsinə nəzarət də mühüm əhəmiyyət daşıyır.












