Yasamalda məktəbdə yanğın törətməyə cəhd, Qaradağda məktəb direktorunun avtomobilinin yandırılması cəmiyyətin laqeyd yanaşa biləcəyi xəbərlər deyil. Çünki söhbət təkcə bir məktəbdən, bir avtomobildən, bir hadisədən getmir. Söhbət uşaqların təhlükəsizliyindən, cəmiyyətin sabitliyindən və dövlətin təməl prinsiplərinə münasibətdən gedir. Ona görə də xarici ideoloji təsirlərin və ya dini radikalizmin mümkün rolu hüquqi müstəvidə araşdırılmalı, faktlara qiymət verilməlidir.

Məktəbli formasına etirazdan başlayıb məktəbin qapısına od aparan bir düşüncə varsa, onun haradan qaynaqlandığı, kimlər tərəfindən təşviq və idarə edildiyi, hansı məqsədə xidmət etdiyi ciddi araşdırılmalıdır. Azərbaycan heç bir xarici mərkəzin ideoloji təcrübə meydanı deyil. Nə Tehranın, nə də başqa bir paytaxtın ideoloji iddiaları Azərbaycanın dünyəvi dövlət modelindən, milli maraqlarından və Konstitusiyasından üstün ola bilər.

Dinin mənəvi dəyərini zorakılıqla qarışdırmaq, inancı qarşıdurma vasitəsinə çevirmək, uşaqların təhsil aldığı məkanları təhlükə ilə üz-üzə qoymaq nə dinə, nə milli-mənəvi dəyərlərə, nə insanlığa, nə də dövlətçilik anlayışına sığır.

Bir həqiqəti unutmayaq ki, dövlətin dünyəviliyini qorumaq dinə qarşı çıxmaq deyil. Bu, heç bir dini və ya ideoloji təsirin dövlətin qanunlarından üstün tutulmamasını, hər bir vətəndaşın qanun qarşısında bərabərliyini təmin etmək deməkdir.

Bu hadisələr obyektiv araşdırılmalı, təqsirkarlar müəyyən edilərək qanun qarşısında cavab verməlidirlər. Nə cəzasızlığa, nə də sübutsuz ittihamlara yer olmalıdır.

Çünki dövlətçilik təkcə bayrağı ucaltmaq deyil, o bayrağın kölgəsində yaşayan uşağın təhlükəsizliyini təmin etməkdir.

Məktəblərimizdə od yox, işıq yanmalıdır. O işığın adı elm, dünyəvilik, milli kimlik və azad düşüncədir. Azərbaycanın gələcəyinə gedən yol da məhz buradan keçir.

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədri Anar Yusifoğlu