Uqanda parlamenti “Suverenliyin Qorunması haqqında” qanunu qəbul edib. Qanunun ilk variantı xarici maliyyənin ciddi şəkildə nəzarətə götürülməsini, “xarici agent” qeydiyyatını və ağır cəzaları nəzərdə tuturdu. Bu isə ölkə daxilində və beynəlxalq səviyyədə ciddi tənqidlərə səbəb olmuşdu.

QHT.az xarici mediaya istinadən bildirir ki, son qəbul edilən variant əvvəlkindən daha yumşaqdır. Humanitar yardım, iqlim maliyyəsi, xarici investisiyalar və kommersiya layihələri qanundan çıxarılıb. Lakin xaricdən maliyyələşən siyasi fəaliyyətlər hələ də nəzarətdə saxlanılır.

Ekspertlər hesab edir ki, qanun xüsusilə vətəndaş cəmiyyəti və ekoloji təşkilatlar üçün risk yarada bilər. Xarici maliyyə alan qrupların dövlət layihələrinə qarşı çıxışı problem kimi qiymətləndirilə bilər.

Məqalədə həmçinin Moody’s agentliyinin Cənubi Afrikadakı fəaliyyətini azaltması məsələsinə də toxunulur. Mütəxəssislər bildirirlər ki, Afrika ölkələrinin risklərinin uzaqdan qiymətləndirilməsi investor etimadına mənfi təsir göstərir.

Fatimə Nəbiyeva