Əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarının artırılması və əmək bazarına inteqrasiyasına dəstək məqsədilə həyata keçirilən “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi çərçivəsində Sosial Media Marketinqi (SMM) təlimləri uğurla davam edir.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunan bu təlimlərdə iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da qazanırlar. Təlimin əsas məqsədi əlilliyi olan şəxslərin rəqəmsal dünyada özlərini təsdiq edə bilməsi, müstəqil şəkildə sosial media menecmenti sahəsində fəaliyyət göstərməsi və gələcək peşə yollarını bu sahədə inkişaf etdirmələridir. Layihənin əhatə dairəsi genişləndikcə iştirakçıların uğur hekayələri də artır.

İştirakçılardan Əlilli Yusif 29 yaşında, uşaq serebral iflici və I qrup əlilliyi olan gəncdir. O, təlimlər barədə belə danışır:

“SMM bacarıqlarımı təkmilləşdirməyim üçün çox faydalı təlimlər keçirik. Əlilliyimə baxmayaraq, bu sahədə uğur qazanacağıma inanıram. Öyrəndiyim strategiyalar və alətlər gələcəkdə öz brendimi yaratmaq üçün mənə böyük imkanlar verir. Bu təşəbbüs mənim üçün peşəkar inkişafdan əlavə, cəmiyyətə inteqrasiyanın bir yoludur. Bu imkanı yaratdıqları üçün layihə rəhbəri Səbinə Kərimovaya və təlimçi Pərvanə Fərhadqızına təşəkkür edirəm.”

Abbasov Həsən 19 yaşında, II qrup əlilliyi olan gənc isə bildirib ki, hər dərs onun sosial media biliklərini artırır:

“Sosial mediaya marağım daha da güclənir. Təlimçimiz Pərvanə xanım həm dərsdə, həm də dərsdən kənar zamanlarda bütün suallarımızı səbrlə cavablandırır və dəstək olur. Bizim üçün yaradılan bu şəraitə görə təşəkkür edirəm.”

Hümbətov Əli 3-cü qrup əlil və layihə iştirakçısı, SMM təlimlərinin onun üçün yalnız peşə bacarığı deyil, eyni zamanda şəxsi inkişaf vasitəsi olduğunu bildirir:

“Hər bir modul, hər bir mövzu mənim ünsiyyət bacarığımı, yaradıcılığımı və analitik düşüncəmi gücləndirir. Əlilliyim heç vaxt maneə olmayıb, əksinə, bu sahədə fərqlənmək üçün bir səbəbdən çevrilib. Gələcəkdə sosial mediada öz brendimi yaratmaq, cəmiyyətə fayda verəcək layihələr həyata keçirmək istəyirəm. SMM təlimləri bu yolda atdığım ən doğru addımlardan biridir.”

Abdurrahman Vüqar 33 yaşlı III qrup əlil, təlimlərin ona yeni biliklər qazandırdığını qeyd edir:

“Bu təlimlər mənə sosial media sahəsində bilmədiyim bir çox məsələni öyrənmək imkanı verdi. Zamanın tələblərinə uyğunlaşmaq üçün bu cür layihələr çox önəmlidir.”

Təlimdə iştirak edən digər gənclər – Hümbətov Əli, Əliyev Orxan, İlyasov Hikmət, Həsənli Ceyhun və digərləri də kursların faydalılığını vurğulayaraq, gələcəkdə SMM sahəsində çalışmaq və özlərini bu platformalarda inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.

Əliyev Orxan I qrup əlil:

“Kurslar uğurla keçirilir. Qoyduğum məqsədlərə çatmaq üçün bu biliklər mənə yol açacaq. Bu imkana görə təşəkkür edirəm.”

Həsənli Ceyhun I qrup fiziki əlil:

“SMM bacarıqlarımı artırmaq üçün hər bir təlimdə əlimdən gələni edirəm. Əziyyət çəkən hər kəsə təşəkkür edirəm.”

Seyidbalayeva Nəzrin 2008-ci ildə anadan olub. Əlilli yoxdur və bu layihədə tam könüllü şəkildə, sevə-sevə iştirak edir:

"Bu təlimlər mənim üçün sadəcə dərs deyil – yeni dünyaların qapısını açan bir fürsətdir. Sosial media sahəsi əvvəllər mənə sadəcə bir əyləncə kimi görünürdüsə, indi onun arxasında necə böyük imkanlar, yaradıcı güc və peşəkar bacarıqların dayandığını görürəm. Öyrənməyə çalışıram – hər gün bir addım daha irəli gedirəm. Hər bir dərsdə yeni nəsə kəşf edirəm, ruhum sanki böyüyür, düşüncələrim genişlənir. Sözün açığı, burada olmaq, bu bilikləri almaq mənim üçün böyük xoşbəxtlikdir.

Ətrafımda bu qədər səmimi, qayğıkeş və motivasiya verən insanlarla bir yerdə olmaq ruhuma da yaxşı təsir edir. Layihə rəhbəri Səbinə Kərimovaya və təlimçimiz Pərvanə Fərhadqızına dərin təşəkkürümü bildirirəm – bizə inandıqları, yol göstərdikləri və dəstək olduqları üçün".

Qaybəliyeva Pərvanə əlilli yoxdur və bu layihədə tam könüllü şəkildə, sevə-sevə iştirak edir:

"SMM üzrə keçdiyim bu kurs mənə yalnız bilik deyil, eyni zamanda inam və motivasiya verdi. Əlilliyi olan şəxslərlə birgə bu yolda addımlamaq mənim üçün həm ilhamverici, həm də dəyərli bir təcrübə oldu. Onların əzmi, istəyi və iradəsi məni daha çox öyrənməyə və inkişaf etməyə həvəsləndirdi. Bu kurs təkcə peşə bacarıqları deyil, həm də mənəvi zənginlik qazandırdı. Eyni komandada olduğum hər kəsə təşəkkür edirəm. Gözəl gələcək".

Qeyd edək ki, layihə çərçivəsində keçirilən təlimlər sadəcə texniki biliklər verməklə kifayətlənmir, həm də əlilliyi olan şəxslərin özlərinə inamını artırır, onların sosial-iqtisadi həyata fəal şəkildə inteqrasiyasına zəmin yaradır. Layihənin sonuncu mərhələsində daha ixtisaslaşmış mövzular üzrə təlim keçirilməsi nəzərdə tutulur".

 

Pərvanə Fərhadqızı 

QHT.az

Fotoqraf: Abasov Murad