11 iyul 2025-ci il tarixində Şəki şəhərində “Erkən Nikaha Qarşı Sosial Platforma” layihəsi çərçivəsində ikinci təlim uğurla həyata keçirildi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunur.
Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Könül Qasımova iştirakçıları salamlayaraq layihənin məqsədi və əhəmiyyətindən bəhs etdi. O, erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən maarifləndirici fəaliyyətlərin vacibliyini vurğulayaraq, bu layihənin cəmiyyət üçün əhəmiyyətli nəticələr doğuracağına inandığını bildirdi. Daha sonra tədbirin təlimçisi, sahə üzrə mütəxəssis Şəlalə Ağayeva təqdim olundu.
Təlimçi Şəlalə Ağayeva çıxışında erkən nikahın mənfi sosial, psixoloji və hüquqi fəsadlarından ətraflı bəhs etdi. O qeyd etdi ki, bu problemin effektiv həlli üçün bir neçə istiqamətdə davamlı maarifləndirmə işləri aparılmalıdır: valideynlər, gənclər və icmalarla məqsədyönlü maarifləndirmə tədbirləri keçirilməli, qızların təhsildə qalması stimullaşdırılmalı, hüquqi nəzarət gücləndirilməli və sosial-psixoloji dəstək sistemləri genişləndirilməlidir.
Layihənin rəhbəri Könül Qasımova çıxışında vurğuladı ki, rəhbərlik etdiyi sosial müəssisə erkən nikah qurbanlarının real həyatda yaşadığı çətinliklərlə gündəlik qarşılaşır. O bildirdi ki, həmin şəxslərin reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində ciddi və təsirli tədbirlər həyata keçirilir. Qasımova qeyd etdi ki, bu prosesdə müşahidə edilən müsbət dəyişikliklər – yeni həyata adaptasiya olunan gənc qadınlar və onların ailə üzvlərindəki müsbət transformasiya – layihənin ən önəmli nailiyyətlərindəndir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı, mövzu ətrafında interaktiv müzakirələr aparıldı. Görüş zamanı həmçinin təlim prosesindən foto və video çəkilişlər həyata keçirildi. İştirakçılar tədbirin informativ və maarifləndirici məzmunundan məmnun qaldıqlarını ifadə etdilər.






