Türkiyənin Moskvadakı səfirliyində Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin xatirəsinə başsağlığı kitabı açılıb.

QHT.az xəbər verir ki, Rusiya rəsmiləri və Rusiyadakı çox sayda xarici missiya nümayəndəsi, episentri Kahramanmaraş olan və ümumilikdə 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərə başsağlığı vermək üçün Türkiyənin Moskvadakı səfirliyini ziyarət edib.

Rusiya Xarici İşlər Nazirliyini təmsil edən nazir müavini Aleksandr Qruşko Türkiyənin Moskvadakı səfiri Mehmet Samsarın müşayiəti ilə başsağlığı kitabını imzalayaraq, baş vermiş zəlzələlərlə əlaqədar Türkiyə və türk xalqına başsağlığı verib.

Gün ərzində səfirliyə gələn Qazaxıstan, Fələstin, Tunis, Pakistan, Belarus və Yunanıstanın səfirləri də başsağlığı və tezliklə sağalma diləklərini əks etdirən mesajlar yazıblar.

Bundan başqa, Fransa, Belçika və İordaniya, eləcə də Yeni Zelandiya, İrlandiya, Anqola, Sudan və Cənubi Afrika ölkələrinin səfirləri başsağlığı kitabını imzalayıblar.

Səfir Samsar bu çətin gündə Türkiyənin yanında olan və türk xalqına dəstək olan ölkələrə təşəkkür edib və başsağlığı kitabının cümə axşamına qədər açıq qalacağını bildirib.