İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a özəl açıqlama verərək Azərbaycanın turizm sektorunun inkişafı ilə bağlı fikirlərini bölüşdü. O, turizm sahəsindəki çətinliklər və imkanlar barədə danışdı.
QHT sədrinin sözlərinə görə, hazırda quru sərhədlərin bağlı olması turizm sektorunun inkişafına müəyyən çətinliklər yaratsa da, son dövrlərdə müsbət tendensiyalar müşahidə olunmaqdadır: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-sentyabr aylarında turizm səfərləri 24 faizə yaxın artmışdır. Bu dövrdə ölkəyə 1,000,700 turist gəlib. Lakin təəssüf ki, bu gün ölkəyə gələn turistlərin yalnız 20 faizi regionlara səfər edir. Bu baxımdan, Qəbələ bölgəsi turistlərin ən çox səfər etdiyi məkandır.”
İqtisadçı -ekspert ölkəyə gələn turistlərin 20 faizinin Hindistan vətəndaşları olduğunu qeyd edərək, regionlarda qiymət və keyfiyyət arasındakı uyğunsuzluğa diqqət çəkdi: “Bəzən regionlarda qiymət və keyfiyyətin üst-üstə düşməməsinin müşahidə edirik. Bu sahədə məşhur sahibkarların işləri çoxdur. Qiymət və keyfiyyətin düzgün uzlaşdırılması daha çox turist səfərinə və turizmin inkişafına təsir göstərə bilər.”
O, sahibkarların xarici təcrübələri öyrənmələrinin vacibliyini vurğuladı: “Sahibkarlar, otelçilik və xidmət sahəsindəki təcrübələri daha çox öyrənməlidirlər. Eyni zamanda, onlayn satış və təqdimatlarını artırmalıdırlar. Öz xidmətlərinin keyfiyyətini artıraraq xarici bazarlara təqdimatlarını genişləndirsələr, bu, turist səfərlərinin sayını artırar.”
Eyyub Kərimli qonşu dövlətlərlə qiymətlərin müqayisə edilməsinin vacibliyini də qeyd etdi: “Qiymət siyasəti düzgün qurulsa, hotellərimizin inkişafına və turizmin inkişafına müsbət təsir göstərə bilər. Eyni zamanda, regionlarda kənd turizminin və fərdi təsərrüfatların inkişafına geniş yer ayrılmalıdır.”
O, turistlərin görməli yerlərimiz olsa da, əyləncə imkanlarının azlığından da narahatdır: “Turist səfəri təkcə kabab yeməklə yekunlaşmır, həm də əylənmək istəyirlər. Ekstremal turizm sahəsində də geniş fəaliyyət həyata keçirilməlidir.”
QHT sədrinin fikirlərinə əsasən, turizm sektorunun inkişafı üçün əhəmiyyətli addımlar atılmalı və müvafiq strategiyalar həyata keçirilməlidir.
Pərvanə Fərhadqızı
QHT.az










