Beynimizə ötürülən məlumatın emalında qulaq mühüm rol oynayır. O, ətrafımızda baş verən səsləri, eləcə də öz səsimizi toplayır, analiz üçün beyinə ötürür. Ən təəccüblüsü odur ki, qulaq da bədən hərəkətlərimizi tanıyır. Bu baxımdan onun həm öyrənməkdə, həm oxumaqda, həm ünsiyyətdə, həm də ən sadə bədən hərəkətlərini yerinə yetirməkdə həyatı funksiyası vardır. 
Defektoloq-loqopedi Dr.Nəsibə İsgəndərova QHT.az – a açıqlamasında bildirib ki, beyin və qulaq arasındakı əlaqə funksiyası düzgün formalaşmayanda ətraf mühitlə ünsiyyət qurma və onu öyrənmə çətinlikləri yaranır: “Fransız Otolarinqoloq-həkim Alfred Tomatis dinləmə qabiliyyətini yaxşılaşdırmaq üçün eşitmə sistemi vasitəsilə beyni stimullaşdırmağa yönəlmiş bir təlim proqramı hazırladı. Tomatis metodu həm uşaqlar, həm də böyüklərdə xüsusi filtrasiya olunmuş musiqini qulağa ötürərək dinləmə keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Bu metod tibbi və ənənəvi terapevtik təcrübələrə tamamlayıcı yanaşma kimi beynin effektiv və təbii stimullaşdırılmasını təmin edir. Tomatis Metod havakeçiriciliyi və sümükkeçiriciliyi olan xüsusi qulaqcıq vasitəsilə tətbiq olunur”.
Loqoped həmçinin bildirib ki, bu metod hamilələrə, idmançılara, musiqiçilərə, diqqət əksikliyi olan, konsentrasiya pozulması olan, psixi və nitq inkişafı ləngiməsi olan, emosional sferası zəif olan, ünsiyyət çətinliyi olan, dinləmə, öyrənmə qabiliyəti zəif olan, xarici dil qavrama çətinliyi olan uşaqlara və böyüklərə tətbiq oluna bilər.

 

Pərvanə Fərhadqızı