Xəzər FM-də yayımlanan “Tikintidə hüquqi məsələlər” mövzusunda verilişdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov tikinti sektorunda yoxlamalarla bağlı mövcud qaydaları izah edib.

QHT.az xəbər verir ki, o bildirib, 2015-ci ildə qəbul olunan qanuna əsasən sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına müəyyən məhdudiyyətlər qoyulub və bu müddət hər il uzadılır. Məqsəd sahibkarlığın inkişafına dəstək verməkdir. Onun sözlərinə görə, bəzi qurumlara bu məhdudiyyətlər şamil olunmur. Lakin həmin orqanlar da yalnız Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçdikdən sonra yoxlama apara bilərlər. Bu isə sahibkarların hansı qurum tərəfindən və nə vaxt yoxlanacağını əvvəlcədən bilməsinə imkan yaradır:

Bəzi hallarda xəbərdarlıq edilmədən də yoxlamalar həyata keçirilə bilər. Xüsusilə cinayət hadisələri ilə bağlı əməliyyat-axtarış tədbirləri çərçivəsində belə yoxlamalar mümkündür. Məsələn, tikinti sahəsində məcburi əməyə cəlbetmə və ya insan alveri ilə bağlı şübhələr yarandıqda dərhal müdaxilə edilə bilər.

"Tikinti sahəsində nəzarəti həyata keçirən qurumlar sırasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Əmək Müfəttişliyi xidməti yer alır. Lakin Dövlət Əmək Müfəttişliyi xidmətinin sahibkarlıq subyektlərində yoxlama aparmasına müəyyən məhdudiyyətlər var. Məsələn, tikinti ərazisində fəaliyyət göstərən iaşə obyektlərində sanitar qaydaların pozulması ilə bağlı siqnal daxil olarsa, həmin istiqamətdə yoxlamalar aparılır". 


 

Pərvanə Fərhadqızı