Azərbaycanın İrana humanitar yardım göndərməsi qonşuluq və xoşməramlılıq siyasətinin davamlılığını nümayiş etdirir. Bu addım regionda ölkənin diplomatik nüfuzunu gücləndirir və humanitar məsələlərdə məsuliyyətli tərəf kimi tanınmasına xidmət edir. Eyni zamanda, belə yardımlar regional sabitliyin qorunmasına və qarşılıqlı etimadın artırılmasına töhfə verir.

“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a olan açıqlamasında bildirib ki, Azərbaycanın İrana humanitar yardım göstərməsi qonşuluq və xoşməramlılıq siyasətinin davamlılığını nümayiş etdirir.

Ə.Abbasbəyli qeyd edib ki, bu addım regionda sabitliyin qorunmasına və Azərbaycan–İran arasında yaranan fikir ayrılıqlarının yumşaldılmasına töhfə verir. O vurğulayıb ki, “Azərbaycan müstəqillik əldə olunandan bəri, bəzən birtərəfli belə olsa, humanitar addımlar atıb və bu, qonşuluq siyasətinin əhəmiyyətini göstərir”.

Sədr əlavə edib ki, İran tərəfinin bəzi dövrlərdə mehriban qonşuluq siyasətinə zidd hərəkətlərinə baxmayaraq, Azərbaycan mütəmadi olaraq humanitar yardımlar həyata keçirib. “Xüsusilə bu gün atılan addımın əhəmiyyəti ikiqat artır. Bu həm regionda, həm də iki dövlət arasında gərginliyin artdığı fonunda münasibətlərin yumşaldılmasına, humanitar diplomatiyanın tətbiqinə və çətin vəziyyətdə qonşuya dəstək olmağa xidmət edir” – deyə Ə.Abbasbəyli bildirib.

O, tarixi kontekstə də toxunub: “20-ci əsrin 20-ci illərindən etibarən İran dövlətində farsçılıq və teokratik rejim hökm sürüb, Azərbaycan türklərinə qarşı müəyyən təzyiqlər olub. Buna baxmayaraq, Azərbaycanın atdığı bu addım oradakı soydaşlarımıza uzadılan bir dəstək kimi qiymətləndirilə bilər”.

Ə.Abbasbəyli vurğulayıb ki, göstərilən humanitar yardımlar mənəvi, diplomatik və beynəlxalq-siyasi baxımdan nümunəvidir. O qeyd edib ki, gələcəkdə bu xoş niyyətli addımların İran tərəfindən adekvat qiymətləndiriləcəyinə və iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid var.

Fatimə Nəbiyeva