Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yüksək diqqət və böyük qayğı göstərmişdir. Ulu Öndərimizin tapşırığı ilə bu kateqoriyadan olan vətəndaşlarla bağlı hələ ötən əsrin 90-cı illərində mühüm sosial proqramlar həyata keçirilmişdir.
QHT.az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov bildirib. Onun sözlərinə görə, bu siyasəti davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurla inkişaf edən, möhtəşəm Zəfər zirvəsinə yüksələn Azərbaycan eyni zamanda güclü sosial siyasətə malikdir:
"Respublikamızda həyata keçirilən sosialyönümlü tədbirlərin əsas istiqamətlərindən biri şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsidir. Eyni zamanda qeyd etmək istəyirəm ki, son 7 ildə ölkəmizdə reallaşdırılmış 5 sosial paket Azərbaycanda effektiv sosial siyasətin ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiq edir".
Pərvanə Fərhadqızı






