Gec də olsa artıq bir həqiqət daha aydın görünür: cəmiyyətimizin dəyərlərini ən çox zərbə altına alan elə öz “mavi ekranımızdır”. Bu fikirləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az-ın rəhbəri Cəsarət Hüseynzadə söyləyib. Onun sözlərinə görə, uzun illərdir reytinq uğrunda aparılan yarış bəzi hallarda məzmunun keyfiyyətini deyil, əksinə, səviyyəsizliyin normaya çevrilməsini təşviq edib: "Ailə dəyərlərinin ucuzlaşdırılması, etik sərhədlərin pozulması isə artıq təsadüfi hal deyil, sistemli problemə çevrilməkdədir".
C.Hüseynzadə qeyd edib ki, əyləncə adı altında təqdim olunan bir çox verilişlər cəmiyyətə pozitiv təsir göstərmək əvəzinə, əksinə, mənəvi aşınmaya səbəb olur. Sədr bildirib ki, halbuki media yalnız məlumat vermək və əyləndirmək vasitəsi deyil, həm də cəmiyyətin dəyərlərini formalaşdıran güclü platformadır. "Bu güc düzgün istiqamətdə istifadə edilmədikdə, nəticələri də qaçılmaz olur" - deyə qeyd edib.
Cəsarər Hüseynzadə vurğulayıb ki, ailə, hörmət, milli-mənəvi dəyərlər və etik davranış qaydaları mediada qorunmalı və təşviq olunmalıdır. O söyləyin ki, əks halda, bu boşluq tədricən bütün cəmiyyətə sirayət edir və nəticədə zərər hamımıza dəyir.
Sədr qeyd edib ki, illərdir bu barədə danışılır, xəbərdarlıqlar edilir. O bildirib ki, bəzən həqiqət gec eşidilir. O sonda vurğulayıb: "Halbuki cəmiyyət üçün ən vacib məsələlərdən biri məhz vaxtında eşitmək və düzgün nəticə çıxarmaqdır".






