İstedadlı Əlillər İctimai Birliyinin rəhbəri Qubad Qasımov QHT.az-a verdiyi açıqlamada bildirdi ki, təşkilat son üç il – 2022-2024-cü illər ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayan 18-29 yaş aralığında əlilliyi olan şəxsləri aşkar edərək, onlarla təlim və seminarlar təşkil edib.

"Layihəmizin əsas məqsədi əlilliyi olan şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Bu müddət ərzində Sumqayıt, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Naftalan, Yevlax, Şirvan, Xaçmaz-Quba, Gəncə-Daşkəsən və Abşeron rayonlarından ümumilikdə 400 nəfər müxtəlif kateqoriyalara aid əlilliyi olan şəxslər bu təlim və seminarlara cəlb olunub. Nəticədə, onlardan 120 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Peşə-Reabilitasiya mərkəzlərində müxtəlif peşə hazırlığı kurslarından faydalanaraq əmək bazarına inteqrasiya olunmağa başlayıb," – deyə Qubad Qasımov vurğulayıb.

O əlavə edib ki, bu layihələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib: "Fürsətdən istifadə edərək, QHT Agentliyinin rəhbərliyinə və kollektivinə təşkilatımız adından təşəkkürümüzü bildiririk".

 

Pərvanə Fərhadqızı

QHT.az