"Tərəqqi" Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov cəmiyyətin sosial problemlərinin həllinə yönəlmiş layihələrin əhəmiyyətindən QHT.az -a danışıb. Onun sözlərinə görə, təşkilat fəaliyyət göstərdiyi regionlarda mövcud problemləri araşdırır və onların həlli üçün konkret addımlar atır:

"Hal- hazırda sosial problemlərin həlli ilə məşğuluq. Bu gün sağlam ailələrin yetişməsi üçün gəncləri narkomaniya,erkən və qohum nikahların fəsadları, sağlam və təhlükəsiz qidalanma,münaqişələrin fəsadları ilə bağlı maarifləndiririk".

Telman Dadaşov bildirib ki, bu il üçün təşkilatın prioritet mövzuları erkən və qohum nikahlar, məişət zorakılığı və narkomaniya ilə mübarizədir:

"Biz donorlara da bu mövzularla bağlı müraciətlər edirik. Bütün bunlar Cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına xidmət edir".

Qeyd edək ki, bu gün fevralın 20-də ilk dəfə Ümumdünya Sosial Ədalət günü qeyd edilir. Sosial ədalət bəşəriyyətin böyük hissəsi üçün əlçatmaz arzu olaraq qalır. Bu sözləri BMT-nin baş katibi Pan Gi Mun demişdir.

 

Pərvanə Fərhadqızı