TƏBİB və “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi (İB) arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində vərəm xəstəliyindən müalicə alan və sağalmış vərəmli pasiyentlərin, o cümlədən onların yaxın əlaqədə olduğu şəxslərin və tibb müəssisələrinin heyətini vərəmsiz sağlam mühitlə təmin etmək, həmçinin infeksion nəzarətin təşkili və icrasında yarana biləcək problemlərin vaxtında araşdırılması və həlli yollarını müəyyən edir.
Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov və struktur bölmə rəhbərləri, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı, İB-in Şimal İnzibati Ərazi Nümayəndəliyi üzrə nümayəndəsi Kənan Bayramlı iştirak edib.
Qarşılıqlı əməkdaşlığın vərəmlə mübarizə işinin inkişaf dinamikasına müsbət təsir edəcəyini istisna etməyən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bu sahədə daha effektiv işlərin görülməsinin mümkün olduğunu vurğulayıb.
TƏBİB tabeliyindəki vərəm əleyhinə xəstəxanalarda vərəmlə mübarizə üzrə göstərilən xidmətlərin təkmilləşdirilməsi barədə məlumat verən Araz Nəsirov isə bildirib ki, insanlar arasında maarifləndirmə işinin gücləndirilməsinə də ehtiyac var.
“Vərəmsiz Gələcəyə Doğru” İB-in sədri Çingiz Ramazanlı da çıxışında vərəm xəstəliyinin qarşının alınmasında və müalicəsində əhalinin məlumatlandırılmasının vacib olduğunu qeyd edərək, ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edib.
Görüşün sonunda TƏBİB və “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində Anlaşma Memorandumu imzalanıb.










