Millinin üzvü, “Araz-Naxçıvan”nın kapitanı – Masallılı futbolçu

 

Tanımayanlara tanıtmaq istədiyim bu futbolçu Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun 6 nömrəli yarımmüdafiəçisi, komandanın kapitanı, ölkə yığmasının üzvü Vadim Abdullayevdir.

Vadim Abdullayev Azərbaycan çempionatlarında 100 matçı altı klub tərkibində keçirib. 29 yaşlı yarımmüdafiəçi professional karyerasına “Bakı” FK-da (2012-2014) başlayıb. Sonrakı illərdə “Simurq” PİK-də (2014-2015), “Qəbələ” FK-da (2015-2016), “Sumqayıt” FK-da (2016-2017), “Şüvəlan” FK-da (2017-2018), “Sabah” FK-da (2018-2020) oynayıb, Azərbaycanın U-17 (2010) və U-21 (2013-2016) yığma komandalarının heyətində çıxış edib.
Bir müdddət karyerasında fasilə yaranıb. Hətta müqaviləsiz, pulsuz oynamağa razı olsa da heç bir komandadan təklif almayıb. Bu onun üçün ağır olsa da ailəsi ilə birgə Rusiyaya köçməyə məcbur olub. 2022-ci ildə “Araz-Naxçıvan”dan gələn təklifi qəbul edib. Həmin ilin yayından etibarən karyerasını “qırmızı-ağlar”la davam etdirən futbolçu bu komandanın heyətində I Divizionda 2022-2023 sezonunun çempionu olub. Bu gün də “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunda çıxış edir. 6 nömrəli yarımmüdafiəçi komandanın kapitanıdır. Özünün vurğuladığı kimi, oynadığı mövqedə özündən güclüsünü görmür. 
Deyir ki, baş məşqçilərim – istər ikinci dəfə futbola qayıtmağımda üzərimdə haqqı olan Azər Bağırovun, istərsə də Elman Baxşıyevin  mənə göstərdikləri etimadı doğrultmağa çalışıram.
Vadim Abdullayev bu ilin oktyabrında Azərbaycan millisinə dəvət alıb. UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 14-də Bakıda Slovakiya seçməsi ilə qarşılaşmada debüt edib.
Qeyd edək ki, Vadim Vaqif oğlu Abdullayev 17 dekabr 1994-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Ailəlidir, iki övladı var. 

 

Akif AĞAYEV