İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Bakıda son günlərdə yağan güclü yağışların şəhərin infrastruktura verdiyi zərərləri dəyərləndirib. Onun sözlərinə görə, bu hadisələr şəhərin hələ də təbii fəlakətlərə hazır olmadığını bir daha ortaya qoyur. Eyyub Kərimli qeyd edib ki, illərdir davam edən bu problem hələ də effektiv həllini tapmayıb və ciddi çətinliklər yaradır.
QHT.az xəbər verir ki, QHT sədri bildirib ki, dünyanın bir çox ölkəsi bu kimi problemlərin öhdəsindən gəlmək üçün uğurlu təcrübələr əldə edib. "Niderland, İsveç və Norveç kimi ölkələr yağıntıların təsirlərini minimuma endirmək üçün inkişaf etmiş drenaj sistemləri və təmizləmə texnologiyalarından istifadə edirlər," – deyə E.Kərimli vurğulayıb.
QHT sədrinin fikrincə, Azərbaycan da belə problemlərin qarşısını almaq üçün yaşıl infrastrukturlar qurmalı, ağıllı texnologiyalar tətbiq etməli və su idarəetmə sistemlərini modernləşdirməlidir. Bu yanaşmalar, şəhərin yağışlara qarşı dözümlülüyünü artırmaq üçün vacib addımlar ola bilər.
Noyabr ayında keçiriləcək COP29 konfransı öncəsində Bakı şəhərinin yenidən diqqət mərkəzinə düşdüyünü xatırladan Kərimli, iqlim dəyişikliyi və urbanizasiya ilə bağlı məsələlərin müzakirə ediləcəyini və Azərbaycanın da bu problemlərin həllində hansı addımlar atdığını nəzərdən keçirməli olduğunu vurğulayıb. "Şəhərimizin gələcəyi üçün uzunmüddətli planlara ehtiyac var," – deyə ekspert fikirlərini tamamlayıb.
Pərvanə Fərhadqızı










