Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Yusubor Elzarın ruhuna həsr olunmuş Mövlud mərasimi təşkil olunub.
QHT.az xəbər verir ki, bu barədə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova məlumat verib. Onun sözlərinə görə, mərasimdə şəhid ailələri, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər. Tədbirdə bildirilib ki, Yusubor Elzar kimi igidlər Vətən sevgisini öz canları bahasına sübut edərək tariximizə şərəfli adlarını yazıblar. Onların keçdiyi qəhrəmanlıq yolu, göstərdikləri şücaət bu gün və gələcək nəsillər üçün əsl örnəkdir. Vurğulanıb ki, şəhidlərimiz Allah dərgahında uca məqamdadır və xalqımızın qəlbində daim yaşayırlar:
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq biz şəhid ailələrinin daim yanında olduğumuzu bir daha bildiririk. Bu mövlud mərasimi həm dualarımızın, həm də mənəvi birliyimizin təzahürüdür. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhlarını şad, məkanlarını cənnət etsin. Şəhid ailələrinə səbir və möhkəm iman versin. Allah qəbul etsin. Ruhları şad olsun! Dəvətə görə Nəsibə Əliyeva xanıma təşəkkür edirik".
Qeyd edək ki, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, şəhid ailələrini müdafiə cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, şəhidin anası Günəş Daşdəmirova, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, şair Raziyə Rzazadə, Kifayət Bayramova çıxış edərək bildiriblər ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü şəhidlərimizin göstərdiyi fədakarlıq hesabına qorunub saxlanılır.
Tədbirin bədii hissəsində 281 nömrəli tam orta məktəbinin şəhidin adını daşıyan 6d sinfinin və məzun olduğu 76 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeir kompozisiyası və musiqi nümunələri səsləndirilib. Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiyaya baxış keçiriblər.






