Xocalı şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal olunanda əhali ətrafdakı qarlı meşələrdə gizləniblər. Onların çoxu erməni silahlıları tərəfindən təqib olunub, mühasirəyə düşərək girov götürülüblər.

Xocalı faciəsinin kədərli simaları-9 yaşlı (Ləfxanım) Mahmudova Nərgiz Salman qızı və Xocalı faciəsində hər iki valideynini, iki qardaşını itirən, ailədə yeganə sağ qalan 5 yaşlı Əliyev Mehdi Firdovsi oğlu. Onlar filmin əsas iştirakçılarıdır.

1992-ci ildə onları əsirlikdən təhvil almaq üçün maşınlar yola düşmüşdü. Düz 35 ildən sonra onlar həmin yolla geri qayıdır. Əsgəran-Ağdam yolu... Onların dəyişdirildiyi yer-Qarağacı qəbirstanlığının yanı... Ləfxanım və Mehdi erməni əsirliyində keçirdiyi əzablı anlardan danışır.

Onlar möhtəşəm Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edirlər, burda nümayiş olunan, faciənin qurbanlarından bəhs edən foto və videolarda özlərini də görürlər. Onlar ağrını, ağrı da onları danışdırır.

Mehdi əsir götürüləndən sonra Əsgəran təcridxanasında saxlanılıb. İndi o bu soyuq və qaranlıq kameraları addım-addım gəzib acı xatirələrini danışır.

Onlar uzun illər Goranboyun Ağcakəndində köçkün həyatı yaşadılar. İndi Xocalıda onlara verilən evlərə köçmək üçün hazırlaşırlar. Nəhayət, Xocalıda onlara verilmiş yeni evlərinin qapılarını açırlar... İşıqlarını yandırırlar...

Filmin məqsədi erməni millətçiləri tərəfindən azərbaycanlı olduqlarına görə yerli əhaliyə qarşı törətdikləri vəhşiliyi təsirli vasitələrlə göstərmək və bu acı tarixi real faktlarla və hadisələrlə yaddaşlara köçürməkdir. Zaman keçsə də bu dəhşətli həqiqətləri unutmamalıyıq. Xocalı soyqırımı tariximizin ağrısıdır.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən hazırlanır.

Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur.