Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vəzifəsinə namizədlərdən biri Dr. Hənan Bəlxi təşkilatın əsas fəaliyyət istiqamətlərinə fokuslanmalı və bütün məsələləri öz üzərinə götürməməli olduğunu bildirib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Bəlxi qeyd edib ki, üzv dövlətlərin çoxsaylı müraciətləri ÜST-nin bütün işləri özü həyata keçirməli olduğu anlamına gəlmir. Onun sözlərinə görə, təşkilat nələri daha yaxşı bacardığını müəyyənləşdirməli və digər qurumların ekspertizasından istifadə etməlidir.
Bəlxi buna nümunə kimi antimikrob dərmanlara davamlılıq (AMR) problemini göstərib. O bildirib ki, ÜST-nin təxminən 800 əməkdaşlıq mərkəzi var və onların bir neçəsi AMR sahəsində ixtisaslaşaraq ölkələrə milli fəaliyyət planlarının həyata keçirilməsində dəstək göstərə bilər.
Dr. Hənan Bəlxi 2019-cu ildə ÜST-nin Cenevrə qərargahına qoşularkən təşkilatın antimikrob dərmanlara davamlılıq üzrə ilk baş direktor köməkçisi olub.












