Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ailə və Sosial Siyasətlər Nazirliyi ilə koordinasiyalı şəkildə üzərində işlədikləri uşaqlara yönəlik sosial media tənzimləməsində son mərhələyə gəldiklərini açıqlayıb. Nazir bildirib ki, yaxın günlərdə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacaq.

QHT.az Türkiyə mediasına istinadən xəbər verir ki, layihəyə əsasən, 15 yaşından kiçik uşaqlar sosial şəbəkələrdə hesab aça bilməyəcək, yalnız yaşlarına uyğun oyunlara çıxış əldə edə biləcəklər.

 

“Sosial mediada gündəlik vaxt 3 saata çatır”

Nazir Uraloğlu Rabitə Sektoru Tərəfdaşları İftar Proqramında çıxış edərək rabitə və informasiya texnologiyaları sektorunun strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və yüksək sürətli bağlantı ölkələrin iqtisadi inkişafında, rəqabət qabiliyyətində və milli təhlükəsizliyində həyati rol oynayır.

Türkiyədə sosial mediada keçirilən vaxtla bağlı danışan nazir bildirib:

“Dünyada 16 yaşdan yuxarı internet istifadəçiləri gündə orta hesabla 6,5 saat internetdə vaxt keçirir, Türkiyədə isə bu göstərici təxminən 7 saatdır. Sosial media platformalarında gündəlik vaxt isə ölkəmizdə orta hesabla 3 saata çatır.”

Nazir vurğulayıb ki, bu sahə nəzarətsiz buraxıla bilməz və valideynlər, müəllimlər, təhsil müəssisələri, siyasətçilər, media və vətəndaş cəmiyyəti nümayəndələri internet və sosial mediadan şüurlu istifadəni təşviq etməlidirlər.

 

“15 yaşdan aşağı uşaqlar hesab aça bilməyəcək”

Uraloğlu bildirib ki, uşaqlar rəqəmsal mühitdə tək buraxılmamalıdır:

“Ekranların cazibəsi qarşısında onların kiçik qəlblərini süni intellektin yaratdığı saxta reallıqlara və yanlış məzmunlara təslim etməməliyik. Daha real görünən süni intellekt məzmunları qarşısında düzgün seçim etməyi öyrətməliyik.”

Nazir əlavə edib ki, hazırlanmış qanun layihəsinə əsasən:

  • 15 yaşdan kiçiklər sosial şəbəkələrdə hesab aça bilməyəcək;
  • yalnız yaşlarına uyğun oyunlara çıxış əldə edə biləcəklər;
  • şəxsiyyətin təsdiqi (identifikasiya) sistemi tətbiq ediləcək;
  • internet provayderləri və sosial media platformalarının məsuliyyəti artırılacaq;
  • nəzarət mexanizmləri daha da gücləndiriləcək.
  • “5G ilə rabitə sürəti 10 dəfə artacaq”

Nazir həmçinin 5G texnologiyası barədə danışaraq bildirib ki, 16 oktyabr 2025-ci ildə keçirilmiş 5G səlahiyyət tenderi nəticəsində 3 milyard 534 milyon dollar gəlir əldə olunub. İlk 5G siqnalının 1 aprel tarixində alınması planlaşdırılır və xidmət iki il ərzində ölkənin bütün ərazilərində tətbiq ediləcək.

5G ilə:

  • rabitə sürəti təxminən 10 dəfə artacaq;
  • daha stabil və etibarlı əlaqə təmin ediləcək;
  • tam avtonom sürücülük və ağıllı yol sistemləri mümkün olacaq;
  • uzaqdan cərrahiyyə əməliyyatları həyata keçirilə biləcək;
  • real vaxt rejimində məlumat ötürülməsi ilə ağıllı fabriklər qurulacaq;
  • kənd təsərrüfatında yüksək məhsuldarlıq təmin ediləcək;
  • mediada 8K keyfiyyətində canlı yayımlar mümkün olacaq.