Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Cənub Regonal Mərkəzinin təşkilatçılığı ilə Lerik Rayon İcra Hakimiyyətində “Fövqəladə hadisə baş verdikdə və ya ehtimal olduqda əhalinin xəbərdarlığının təşkili baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin görülməsi və davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli struktur bölmələrinin, Lerik rayonunda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli icra və özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.
FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov tədbirdə çıxış edərək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, fövqəladə hallarla mübarizə üzrə yerli icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyası sədrinin vəzifəsini müvəqqəti icra edən Arzu Vəliməmmədova fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı icra hakimiyyəti ilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.
Seminar-müşavirədə çıxış edən digər natiqlər tərəfindən yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və digər məsələlərdən söz açılıb.
İnteraktiv müzakirələr fonunda davam edən seminar-müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.






