“Aprel şəhidləri” arasında kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Orucovdan sevindirici xəbər aldıq.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova QHT.az- a bildirib ki, Nihad bu il Bakı Oksford Məktəbini yüksək qiymətlərlə bitirdi: “Böyük arzumuz İstanbul Texniki Universitetində ya da ADA universitetində təhsil alması idi. Nihad hər iki universitetdən SAT nəticəsi ilə qəbul qazandı. ADA universitetinin kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin geoloji mühəndisliyi, YTB burslarının tam burs proqramı ilə Bursa Uludağ universitetinin kompüter mühəndisliyi ixtisasları üzrə qazandı. Bu uğurlu yolda Nihada dəstək olan Baku-Oxford School rəhbərliyinə, müəllim heyətinə, imtahanlara hazırlaşmasında dəstəyini göstərən Glodemia Tədris Mərkəzinə, ixtisas seçiminə köməklik edən KAF Academy rəhbəri Kadir bəyə ailəmiz adından təşəkkürümüzü bildiririk”.

Birliyin sədri həmçinin bildirib ki, əminəm ki, Raqufun da ruhu şaddır: “Biz Raqufa layiq yaşamağa çalışdıq, onun əqidəsi və arzuları bizim üçün hər şeydən önəmlidir. Nihad atasına, Vətənimizə, millətimizə layiq övlad olacaqdır”.

Məlumat üçün bildirək ki, Raquf Orucov Azərbaycan Ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabitidir. O, şəhid olduğu günədək bir çox təltiflərə, o cümləndən Ali Baş Komandanın müvafiq fərmanları ilə "Hərbi xidmətlərə görə” və "İgidliyə görə" medallarına layiq görülüb.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Şəhid əmanətlərini qorusun!

 

Pərvanə Fərhadqızı