Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Rüfət Əsgərov 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub.

QHT.az xəbər verir ki, 1996–1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1999–2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. 2003-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayan Rüfət Əsgərov 2014-cü ildə "mayor" hərbi rütbəsi alıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Mayor Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Rüfət Əsgərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qürurla yad edirik! Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı