Çingin Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində anadan olub.

QHT.az xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başladıqdan sonra Çingiz jurnalistikaya üz tutub. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmağa başlayıb. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.

Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar fəaliyyətinin əsas istiqamətləri olub. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb. O döyüş zonalarında yalnız jurnalist kimi yox, bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürüb.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak olub. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən şəhid olan Çingiz sonadək kameranı söndürməyib. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Dərin ehtiramla yad edirik! Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı