Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Həmid Cəfərli 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və hərbi məktəbi “Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirərək "leytenant" rütbəsi ilə xidmətə başlayıb. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə qatılan Həmid Cəfərli Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb. O, 5 oktyabr tarixində Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Həmid Cəfərli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!