“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı üçün Şimali Kipr Türk Respublikasında (ŞKTR) “Yay Məktəbi” təşkil olunub.
QHT.az xəbər verir ki, 15-28 iyul 2024-cü il tarixlərində Girne Amerikan Universiteti və Şimali Kipr İstanbul Texniki Universitetində keçirilən “Yay Məktəbi” ərzində şəhid övladları ingilis dili bacarıqlarının inkişaf etdirilməsi məqsədilə sürətləndirilmiş peşəkar dil təlimində iştirak ediblər və 2 həftəlik təlimi müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq dil sertifikatları ilə təltif olunublar.
14 günlük “Yay Məktəbi”nin iştirakçıları olan şəhid övladlarının ŞKTR-ya səfəri bu ölkənin dövlət rəsmiləri tərəfindən də diqqətlə və mehribanlıqla qarşılanıb. ŞKTR Prezidenti Ersin Tatar, ŞKTR Məclis sədri Zorlu Töre, ŞKTR Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu, Türkiyə Respublikasının ŞKTR-dəki səfiri Metin Feyzioğlu, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel, ŞKTR Mülki Müdafiə Təşkilatının sədri Atilla Karaca və digər bir sıra rəsmi şəxslər “Yay Məktəbi” üçün Şimali Kiprdə olan şəhid övladları ilə görüşüblər.
Həmçinin şəhid övladları 2 həftəlik layihə ərzində Şimali Kiprin tarixi və turistik məkanlarını ziyarət edərək onlar haqda ətraflı məlumat alıblar.
Qeyd edək ki, bu “Yay Məktəbi” “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində qalib olan "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində "Zəfər" İB ilə ŞKTR nümayəndə heyəti ilə Qarabağda imzalanan əməkdaşlıq protokollarına əsasən həyata keçirilib.










