AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elm və Təhsildə İnkişaf” İctimai Birliyi tərəfindən nəşr edilmiş “Şah İsmayıl və Şah Təhmasib venesiyalı salnaməçi Marin Sanudonun “Gündəliklər”ində” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə açan İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev nəşrin əhəmiyyətindən bəhs edib. Daha sonra kitabın italyancadan tərcüməsinin, giriş və qeydlərin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev kitabda Marin Sanudonun “Gündəliklər”ində I Şah İsmayılla bağlı və I Şah Təhmasibin hakimiyyəti dövrünün ilk 10 ilinə dair 360 sənədin Azərbaycan dilinə tərcüməsinin yer aldığını qeyd edib. Mənbənin Azərbaycan dilinə tərcüməsi ilə bərabər, əsərdə bəzi məlumatların aydınlaşdırılması məqsədilə izah və şərhlər verilib.
Tədbirdə çıxış edən kitabın elmi redaktoru, tarix elmləri doktoru Tofiq Nəcəfli, tarix üzrə fəlsəfə doktorları, dosentlər Cəbi Bəhramov, Mübariz Ağalarlı və Bəxtiyar Həsənov nəşrin Səfəvi tarixinin araşdırılması baxımından tədqiqatçılara faydalı olacağını vurğulayıblar.
Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilmiş kitabın rəyçiləri dosentlər Fərəh Hüseyn və Nərgiz Axundovadır. Kitab tarixçilər, Səfəvilər dövlətinin tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Elm və Təhsildə İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Quliyev








