Böyük Britaniyada tibb tarixində mühüm hadisə baş verib. Belə ki, London şəhərində yerləşən cərrah professor Prokar Dasgupta təxminən 2 400 kilometr uzaqlıqda – Cəbəllütariqdə olan xəstəni robot sistemi vasitəsilə uğurla əməliyyat edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu Böyük Britaniyada ilk uzunməsafəli uzaqdan robot cərrahiyyəsi əməliyyatlarından biri kimi qiymətləndirilir.
Əməliyyat olunan şəxs 62 yaşlı Paul Buxton olub. Ona Milad bayramından qısa müddət sonra prostat xərçəngi diaqnozu qoyulmuşdu. Ənənəvi müalicə üsulu seçilsəydi, o, əməliyyat üçün Londona getməli, gözləmə siyahısına düşməli və bir müddət Böyük Britaniyada qalmalı idi. Lakin Buxton telesərrahiyyə layihəsində iştirak etməyə razılıq verib və əməliyyat Cəbəllütariqdə yerləşən St Bernard’s Hospital xəstəxanasında həyata keçirilib.
Professor Prokar Dasgupta isə əməliyyat zamanı Londondakı The London Clinic xəstəxanasında yerləşən xüsusi idarəetmə konsolundan robotu real vaxt rejimində idarə edib. İstifadə olunan Toumai Robotic System dörd robot qolu və yüksək dəqiqlikli 3D görüntüləmə sistemi ilə təchiz olunub. Cərrahın hərəkətləri yüksək sürətli fiber-optik rabitə vasitəsilə robota ötürülüb. Sistem o qədər dəqiq işləyib ki, əmrlə robotun reaksiyası arasındakı gecikmə cəmi 0,06 saniyə təşkil edib.
Əməliyyat zamanı mümkün texniki nasazlıqlara qarşı Cəbəllütariqdə tam cərrahiyyə briqadası ehtiyat olaraq hazır vəziyyətdə saxlanılıb. Lakin proses heç bir problem yaşanmadan başa çatıb və ehtiyat müdaxiləyə ehtiyac qalmayıb. Professor Dasgupta bildirib ki, robotun reaksiyası demək olar ki, ani olub və özünü sanki əməliyyat otağında hiss edib.
Əməliyyatdan sonra Paul Buxton özünü yaxşı hiss etdiyini bildirib. Onun sözlərinə görə, bu texnologiya sayəsində uzun səfər etmək və həftələrlə başqa ölkədə qalmaq məcburiyyətində qalmayıb. O, bu əməliyyatda iştirakını "tibb tarixinin bir hissəsi olmaq" kimi dəyərləndirib.












