Latın Amerikasında rəqəmsal kreditlərin sürətlə yayılması əhalinin həddindən artıq borclanması ilə bağlı narahatlıqları artırır. Ekspertlər xəbərdarlıq edirlər ki, bu vəziyyət gələcəkdə ciddi mikromaliyyə böhranına səbəb ola bilər. Hazırda Braziliya, Argentina və Boliviyada risk əlamətləri müşahidə olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər Latın Amerikasında yaşana biləcək böhranın Asiyada əvvəlki mikromaliyyə böhranlarına bənzəyə biləcəyini düşünürlər. 2010-cu ildə Hindistanın Andhra Pradeş ştatında, COVID-19 pandemiyasından sonra isə Kambocada ciddi mikromaliyyə problemləri yaranmışdı. İndi isə oxşar risk rəqəmsal kreditlər fonunda Latın Amerikasında ortaya çıxır.
Braziliya bu prosesdə əsas nümunələrdən biridir. 2013-cü ildə yaradılan rəqəmsal bank Nubankın məlumatına görə, onun Braziliya, Meksika və Kolumbiyada 135 milyon müştərisi var. Şirkət bildirir ki, onların 37 milyonu ilk dəfə maliyyə xidmətlərindən istifadə edib.
Rəqəmsal kreditlərin əsas üstünlüyü maliyyə xidmətlərini daha əlçatan etməsidir. Lakin kreditlərin asan və sürətli verilməsi insanların imkanlarından artıq borc götürməsinə səbəb ola bilər. Xüsusilə gəliri aşağı və qeyri-sabit olan şəxslərin bir neçə kredit götürməsi borc yükünün sürətlə artmasına gətirib çıxara bilər.
Ekspertlər hesab edirlər ki, rəqəmsal kredit bazarına nəzarət gücləndirilməli, insanların ödəyə bilməyəcəyi həcmdə kredit götürməsinin qarşısı alınmalıdır. Maliyyə savadlılığının artırılması da mümkün borclanma böhranının qarşısını almaq üçün vacib addım sayılır.












