“Ölkəmizdə təhsilin inkişafı üçün kifayət qədər maliyyə vəsaiti ayrılıb. Yeni məktəblərin tikintisi, təmir işləri, müasir avadanlıqlarla təmin edilməsində və s. bu kimi işlərin görülməsi açıq aydın görünür. Təəssüf ki zahiri inkişaf, zahiri gözəllik, zahiri tərəqqi təhsilin dərs prosesinin inkişafına təsir etmir. Əksinə bəzi məqamlarda hətta geriyə doğru müəyyən reqressiya hiss olunur”.

Bu sözləri Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu sahədə ciddi fikirləşməyə, addımlar atmağa ehtiyac var. Problemlərdən birinin məhz Azərbaycanda repititorlıq mövzusunun bugünkü vəziyyəti olduğunu dilə gətirən QHT sədri hər kəsin repititorın üstün olduğunu, qəbul və istifadə edildiyini də vurğulayıb: “Lakin bunun müsbət və mənfi tərəflərini görməməzlikdən gələrək, məktəblə repititorlıq institutu arasında bağlılıq, ziddiyyət kimi məsələlərə diqqət verilmir. Ümid edirəm ki, təhsil sahəsində vacib elementlərdən biri də məhs bu sahəyə diqqət yetirmək lazımdır. Əvvəlki illərdə valideyin övladının yaxşı təhsil alması, ali məktəbə qəbul olunması, müvəffəqiyyətlə imtahan verməsi üçün yalnız yuxarı siniflərdə repititorlara müraciət edirdilər. Təəssüf ki, son illərdə artıq repititorlara 1-ci sinifdən müraciət edirlər. Burada bir məsələ var. Ola bilər ki, müəllimlər bunu məqsədli şəkildə yerinə yetirirlər, məktəbdə onlara verilmiş dərs saatlarında aşağı səviyyədə dərs keçirlər ki, valideyinlər məcburiyyət qarşısında qalıb repititorlara müraciət edirlər”.

Əsas problemlərin orta təhsil müəssisələri olduğunu da bildirən Əhməd Abbasbəyli ali təhsil müəssisələri arasında nümunəvi universitetlərin olduğunu da qeyd edib: “Ölkəmizdə nümunəvi ali təhsil müəssisələri var ki, uğurlar qazanıb, orada təhsil var, əlavə təhsilə ehtiyac yoxdur. Müəllimlərin məvacib məsələsinə də diqqət yetirmək lazımdır. Bir sözlə repititorla bağlı hüquqi bazanın yaradılması, qanun çərçivəsində tənzimlənməsinə ehtiyac var”.

 

Pərvanə Fərhadqızı