UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru Ədalət Muradov, 2024-cü il üçün qəbul nəticələrini açıqlayıb. Qəbul planının dolma faizi 99,81% təşkil edib, bununla yanaşı II, IV və V qruplarda 100% dolma qeydə alınıb. I qrupda 99,59%, III qrupda isə 98,52% dolma faizi müşahidə olunub.
QHT.az xəbər verir ki, rektorun verdiyi məlumata görə, qəbul ingilis, rus və türk dillərində 100%, Azərbaycan dili üzrə isə 99,88% olub. Bu il UNEC-ə qəbulda orta bal 446, o cümlədən ingilis dilində təhsil üzrə 635, Azərbaycan dili üzrə 440, rus dili üzrə 417, türk dili üzrə isə 385 olub.
Orta bal qruplar üzrə aşağıdakı kimidir:
- I qrup: 495 bal
- II qrup: 452 bal
- III qrup: 443 bal
- IV qrup: 296 bal
- V qrup: 232 bal (UNEC-də qabiliyyət imtahanı keçirilmir)
Rektor həmçinin bildirib ki, 600 və daha yüksək balla UNEC-ə qəbul olanların sayı keçən illə müqayisədə 89.4% artaraq 409 nəfərə çatıb: "Ölkə üzrə 600-dən çox bal yığanların 14.4%-i məhz UNEC-i seçib. 409 nəfərin 226 nəfəri (ölkə üzrə 21.2%) I qrupun, 183 nəfəri (ölkə üzrə 65.4%) isə II qrupun payına düşüb. İlk dəfə olaraq 600 baldan çox yığaraq UNEC-ə qəbul olan I qrup tələbələrinin sayı II qrup tələbələrinin sayını 24% üstələyib. 600 və daha çox ballı tələbələrin 171-i Azərbaycan, 11-i rus, 227-i isə ingilis bölməsinə daxil olub. UNEC-ə qəbul olan bütün tələbələrin 30%-i 500 baldan çox, 13%-i isə 300 baldan az toplayan tələbələrdir".
Qeyd edək ki, bu nəticələr UNEC-in təhsil keyfiyyətinin artdığını və tələbələrin universitetə olan marağının yüksəldiyini göstərir.
Pərvanə Fərhadqızı










