Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizdən sonra” adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-yazıçı, publicist, Prezident təqaüdçüsü Müşfiq Malik Muğanlıdır. Tədbir Əliabad kəndində Mübariz İbrahimovun ev muzeyində baş tutub və tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid valideynləri və yazarlar iştirak ediblər.

QHT.az xəbər verir ki, Mübariz İbrahimovun atası Ağakərim İbrahimov kitabın əhəmiyyətini vurğulayaraq, onun hazırlanmasında iştirak edənlərə təşəkkürünü bildirib. Kitabın baş redaktoru, AMEA-nin Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli isə ölkəmizin tarixi Qələbəsində hərbi vətənpərvərlik hisslərinin rolunu qeyd edib. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova gənclərin vətənpərvər ruhda yetişməsinin önəmini vurğulayıb. AYB-in Beynəlxalq Əlaqələr üzrə katibi Səlim Babullaoğlu Mübariz İbrahimovun qəhrəmanlığının ölkəmizdə və xaricdə böyük nüfuz qazandığını bildirib.

Kitabın digər redaktorları və müəllifləri də çıxış edərək, kitabın əhəmiyyətindən və Mübariz İbrahimovun qəhrəmanlığından bəhs ediblər. Kitab iki hissədən ibarətdir: birinci hissədə Ağakərim İbrahimovun fikirləri və tanınmışların Mübariz İbrahimov haqqında düşüncələri, ikinci hissədə isə Mübariz İbrahimovun həyat hekayəsi, esse və şeirlər yer alır. Tədbirin sonunda Müşfiq Malik Muğanlı kitabın hazırlanmasında göstərilən dəstəyə görə təşəkkür edib.

 

Pərvanə Fərhadqızı

QHT.az