Səhiyyə sisteminin davamlı inkişafı dövlət siyasətinin əsas inkişaf istiqamətlərindən biridir.
QHT.az xarici mediaya istinadən bildirir ki, həkimlərin əməkhaqlarının artırılması səhiyyə sistemində kadr potensialının gücləndirilməsi baxımından mühüm addım olsa da, bu tədbirin regionlarda həkim çatışmazlığını tam aradan qaldıracağını gözləmək real deyil. 2026-cı il sentyabrın 1-dən tətbiq edilən yeni əməkhaqqı mexanizmində regionlarda kadr çatışmazlığı olan ixtisaslar üçün əlavə maliyyə stimullarının nəzərdə tutulması problemin həllinə müsbət təsir göstərə bilər.
Lakin həkimin regionda işləmək qərarı yalnız əməkhaqqının səviyyəsi ilə deyil, həm də iş mühiti, peşəkar inkişaf imkanları və sosial şəraitlə müəyyən olunur. Həkimin çalışdığı tibb müəssisəsinin maddi-texniki təminatı, müasir tibbi avadanlıqlarla təchizatı və iş yerinin ümumi şəraiti onun əmək məhsuldarlığına birbaşa təsir edən amillərdir.
Xüsusilə bəzi regionlarda sovet dövründən qalmış səhiyyə infrastrukturu xüsusilə xəstəxana binaları müasir tibbi xidmət standartlarının tətbiqində müəyyən məhdudiyyətlər yarada bilər.
Digər tərəfdən, həkim üçün kollektivdə sağlam psixoloji mühitin, peşəkar həmrəyliyin və idarəetmənin keyfiyyətinin də mühüm əhəmiyyəti vardır.
Gənc mütəxəssis regiona yüksək əməkhaqqı ilə cəlb olunsa belə, müasir avadanlıq, ixtisaslı həmkarlar və peşəkar inkişaf imkanları olmadıqda uzunmüddətli fəaliyyət göstərməkdə maraqlı olmaya bilər. Buna görə də regional kadr siyasəti yalnız “maaş artımı” modeli üzərində deyil, “əməkhaqqı-infrastruktur-sosial şərait-karyera inkişafı” kompleksinin formalaşdırılması əsasında qurulmalıdır.
Hazırkı islahatda regionlarda bəzi ixtisaslar üzrə əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması və nəticəyə əsaslanan əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi müsbət motivasiya edici mexanizm kimi qiymətləndirilir.
Biz inanırıq ki, dövlət siyasətinin əsas məqsədi həkimi regiona qısa müddətə cəlb etmək deyil, onun üçün regionda işləməyi uzunmüddətli və cəlbedici karyera seçiminə çevirməkdir.
Əməkhaqqı ilə paralel olaraq, digər motivasiya vasitələrinin (insan kapitalının inkişafı, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi və regional sosial inkişaf siyasətinin gücləndirilməsi) sistemli şəkildə tətbiqi səhiyyənin davamlı inkişafını təmin edəcək.
Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Sənan Yəhya












