Göz ətrafında yaranan solğun və şişkin sarı ləkələr – ksantalazma – ürək-damar xəstəlikləri və insult riskinin erkən göstəricisi ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki, “Atherosclerosis” jurnalında dərc olunan araşdırmada ksantalazma ilə ürək-damar hadisələri arasında mümkün əlaqə araşdırılıb. Tədqiqat Stanford Universitetinin alimləri tərəfindən aparılıb.

Araşdırma çərçivəsində ksantalazma diaqnozu qoyulmuş 17 925 nəfərin sağlamlıq məlumatları göz müayinəsindən keçmiş və bu əlamət müşahidə olunmayan şəxslərdən ibarət nəzarət qrupu ilə müqayisə edilib.

Nəticələrə görə, ksantalazması olan şəxslərdə ilk dövrdə infarkt riski nəzarət qrupu ilə müqayisədə daha yüksək olub. İnfarkt göstəricisi ksantalazma qrupunda 1 faiz, nəzarət qrupunda isə 0,35 faiz təşkil edib.

İnsult riski də ksantalazma olan şəxslərdə daha yüksək qeydə alınıb. İlk il ərzində insult göstəricisi bu qrupda 0,95 faiz olduğu halda, nəzarət qrupunda 0,30 faiz təşkil edib. Keçici işemik tutma riski isə müvafiq olaraq 0,60 və 0,19 faiz olub.

Risk uzun müddət davam edə bilər

Tədqiqatın 5 və 10 illik izləmə nəticələrində iki qrup arasındakı fərq azalsa da, ksantalazması olan şəxslərdə infarkt, insult və keçici işemik tutma ehtimalının daha yüksək olaraq qaldığı bildirilib.

Ksantalazma immun sisteminin makrofaqlar adlanan hüceyrələrində xolesterin və digər yağların toplanması nəticəsində yaranır. Bu dəri dəyişiklikləri çox vaxt yüksək xolesterin səviyyəsi ilə əlaqələndirilir.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri isə qanda xolesterin və digər yağ göstəriciləri normal olan ksantalazma xəstələrində də ürək-damar və beyin-damar hadisələri riskinin yüksək olmasıdır.

Mütəxəssislər bu nəticələrin ksantalazmanın yalnız yüksək xolesterinin deyil, orqanizmdəki digər sistemik risk faktorlarının da mümkün göstəricisi ola biləcəyinə işarə etdiyini bildirirlər.

Qeyd edək ki, göz ətrafındakı hər sarı ləkə mütləq ürək xəstəliyi və ya insult riski demək deyil. Belə dəyişikliklər müşahidə olunan şəxslərin həkim müayinəsindən keçməsi və xolesterin səviyyələrini yoxlatdırması tövsiyə olunur.