Apple-ın ilk qatlanan smartfonu kimi təqdim olunması gözlənilən iPhone Ultra-nın istehsalında ciddi ləngimə yaşandığı bildirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, zavodlarda hazırda gündə cəmi bir neçə yüz ədəd cihaz istehsal olunur. Buna səbəb Apple-ın yüksək keyfiyyət standartları və qatlanan modelin əlavə yoxlamalardan keçirilməsidir.
İstehsaldakı əsas problemlərin menteşə mexanizmi və ekranın tam düz vəziyyətdə qalması ilə bağlı olduğu qeyd edilir. Apple mümkün erkən avadanlıq nasazlıqlarının qarşısını almaq üçün istehsal prosesinə əlavə test mərhələsi də əlavə edib.
Şirkətin tədarükçülərdən bəzi komponentləri yenidən yoxlamalarını və lazım gəldikdə istehsalı müvəqqəti dayandırmalarını istədiyi bildirilir.
Apple-ın bu il təxminən 10 milyon ədəd iPhone Ultra istehsal etməyi hədəflədiyi, lakin hazırkı istehsal tempi ilə bu rəqəmə çatmağın çətin görünə biləcəyi vurğulanır.
İstehsalın sürətləndirilməməsi halında yeni qatlanan iPhone-un satışının ilkin mərhələdə yalnız ABŞ-la məhdudlaşa biləcəyi də iddia olunur. Modelin iPhone 18 Pro və iPhone 18 Pro Max ilə birlikdə təqdim edilməsi gözlənilir.












