Bakı İnkişaf Mərkəzinin sədri Rauf Zeyni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri və Qafqazın dini liderlərindən ibarət nümayəndə heyətini qəbul etməsi ilə bağlı fikirlərini QHT.az-a açıqlayıb.
Rauf Zeyni bildirib ki, görüşdə Türk dünyası, Qafqaz və İslam aləmi arasında həmrəyliyin gücləndirilməsi, regiondakı mövcud hərbi-siyasi vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri geniş müzakirə olunub.
Onun sözlərinə görə, Azərbaycan Türk dünyası ilə Qafqazı birləşdirən mühüm coğrafi və tarixi mərkəzlərdən biridir. Qədim Qafqaz Albaniyasının məhz Azərbaycan ərazilərində mövcud olması və paytaxtının Qəbələ şəhəri olması bu tarixi bağlılığın göstəricilərindəndir.
Rauf Zeyni qeyd edib ki, İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan İslam dünyasında qarşıdurmaların dayandırılmasını və müsəlman ölkələrinin vahid ailə kimi birləşməsini dəstəkləyir. Dünyada artan islamofobiya, dini ayrı-seçkilik və Qurani-Kərimə qarşı təhqiramiz halların fonunda müsəlman həmrəyliyinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bakı İnkişaf Mərkəzinin sədri vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin müasir tarixində mühüm hadisədir. O, Xocalı soyqırımı, 30 illik işğalın ağır nəticələri, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsi, həmçinin etnik təmizləmə siyasəti nəticəsində 250 minə yaxın soydaşımızın indiki Ermənistan ərazisindən qovulması faktlarının tarixi yaddaş baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Rauf Zeyni Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi və aşkarlanan kütləvi məzarlıqlar məsələsinin də aktual olaraq qaldığını diqqətə çatdırıb.
O qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı çərçivəsində genişmiqyaslı işlər həyata keçirilir və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Azad edilmiş ərazilərdə dağıdılmış məscidlərin və dini-mədəni irsin bərpasına da xüsusi diqqət yetirilir. Bu baxımdan Ağdam məscidinin bərpası mühüm layihələrdən biri kimi qeyd olunur.
Rauf Zeyni Azərbaycanın müharibədən sonra regionda uzunmüddətli və davamlı sülh gündəliyinə üstünlük verdiyini bildirib. Bununla yanaşı, Ermənistanın silahlanması və revanşist siyasəti ilə bağlı təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılmasının, Azərbaycanın hərbi gücünün artırılmasının və ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması üçün ayıq-sayıq olmasının vacibliyini vurğulayıb.
Bakı İnkişaf Mərkəzinin sədri dini liderlərin Qarabağ və Şərqi Zəngəzura səfərinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, səfər çərçivəsində nümayəndə heyəti 30 illik işğal dövründə bölgədə törədilmiş dağıntıların miqyası və hazırda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yerindəcə tanış olmaq imkanı əldə edib.






