Azərbaycan islam həmrəyliyinə və Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə hər zaman öz töhfəsini verib.

Son dönəmlər regionda və Orta Şərqdə münaqişələrin dərinləşdiyi, uzunmüddətli müharibə riskinin artdığı dövrdə sülhün, sabitliyin bərqərar olmasının nə qədər zəruri olduğu bəlli olur. Çünki dağıdıcı xarakter daşıyan müharibələr, münaqişələr heç bir sivil cəmiyyətə, dinc insanlara rahatlıq gətirmir. Məhz belə məqaqmda Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən əhəmiyyətli tezislərlə çıxış edib.

Dövlət başçısının təbirincə, Azərbaycan Türk dünyası ilə Qafqazı birləşdirən coğrafi və tarixi mərkəzlərdən biridir. Bu baxımdan həm regionda, həm də Orta Şərqdə islam həmrəyliyinə, türk birliyinə Azərbaycanın verəcəyi töhfə realdır və əhəmiyyətlidir.

Digər tərəfdən Prezident İlham Əliyev regionda sabitliyi qorumaq və sülh təşəbbüslərini gerçəkləşdirmək üçün Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı baxımından hərbi gücünün artırılmasının vacibliyini vurğulayıb.

Gerçəkdən sülhü, sabitliyi qorumaq, gələn təhlükələri aradan qaldırmaq üçün hərbi güc faktoru zəruridir. Məhz kifayət qədər həssas və müharibə riski olan bölgə sayılan Cənubi Qafqazda sabitliyi qoruyub saxlamaq üçün balanslı diplomatik addımlarla bərabər, hərbi güc mühüm rol oynayır.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli