Füzulidə mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslər üçün iki günlük psixososial dəstək təlimi keçirilib.
QHT.az xəbər verir ki, “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkmiş şəxslərin psixososial reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına dəstək” layihəsi çərçivəsində növbəti mərhələyə start verilib.
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən layihənin əsas məqsədi mina və partlamamış hərbi sursatların yaratdığı fiziki, psixoloji və sosial fəsadların aradan qaldırılmasına töhfə vermək, zərərçəkmiş şəxslərin psixoloji dayanıqlığını gücləndirmək, onların sosial həyata fəal inteqrasiyasını dəstəkləmək və ailələrinin psixososial rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir.
Layihə çərçivəsində Füzuli rayonunda aparılmış ilkin ehtiyac qiymətləndirilməsinin nəticələrinə əsasən mina və PHS-dən birbaşa zərər çəkmiş 10 nəfər şəxs hədəf qrup kimi müəyyən edilib.
Təlimin başlanğıcında layihə rəhbəri, “Şəfa Psixoloji Sosial Yardım” İctimai Birliyinin sədri Xəlil Süleymanov iştirakçıları layihənin məqsəd və vəzifələri, donor dəstəyi, həyata keçiriləcək fəaliyyətlər və psixososial dəstək proqramının əsas istiqamətləri barədə ətraflı məlumatlandırıb.
Daha sonra layihə rəhbəri tərəfindən təlimçi İlahə xanım iştirakçılara təqdim olunub. Təqdimat zamanı xüsusi olaraq qeyd edilib ki, təlimçi özü də mina və partlamamış hərbi sursat hadisəsindən zərərçəkmiş şəxsdir. Bu məqam iştirakçılar üçün xüsusi əhəmiyyət daşıyıb. Çünki travmatik təcrübəni yaşamış bir şəxsin öz təcrübəsindən çıxış edərək digər zərərçəkmiş insanlarla işləməsi qarşılıqlı anlaşma, etimad və həmrəylik mühitinin formalaşmasına əlavə imkan yaradıb.
3 avqust 2026-cı il tarixində “Ailədaxili münasibətlərin gücləndirilməsi və sağlam ünsiyyət bacarıqları” 4 avqust 2026-cı il tarixində isə “Stress, travma və psixoloji gərginliyin idarə olunması” mövzularında iki günlük təlim keçirilib.
Təlimlər interaktiv təqdimatlar, qrup işləri, praktiki məşğələlər, iştirakçıların təqdimatları və açıq müzakirələr formatında təşkil olunub. İştirakçıların fəal iştirakı ilə keçirilən məşğələlər zamanı onların gündəlik həyatlarında qarşılaşdıqları psixoloji və sosial çətinliklərə dair fikir mübadiləsi aparılıb, mövcud problemlərin daha sağlam üsullarla idarə olunmasına dair praktik yanaşmalar müzakirə edilib.
Təlim müddətində iştirakçılara travma və onun insanın emosional vəziyyətinə təsiri, stressin idarə olunması, emosional dayanıqlığın gücləndirilməsi, sağlam ünsiyyət, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, sosial adaptasiya və qarşılıqlı dəstək istiqamətlərində nəzəri və praktiki biliklər verilib.
Psixoloji məşqlər və qrup müzakirələri iştirakçıların öz hiss və düşüncələrini ifadə etmələrinə, bir-birlərinin təcrübələrini dinləmələrinə və qarşılıqlı dəstək imkanlarını müəyyənləşdirmələrinə şərait yaradıb.
Layihə çərçivəsində keçirilən bu təlimlər yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmayıb. Əsas diqqət mina və PHS-dən zərərçəkmiş şəxslərin psixoloji dayanıqlığının gücləndirilməsinə, sosial təcridin qarşısının alınmasına, ailə və cəmiyyət daxilində münasibətlərin yaxşılaşdırılmasına və onların həyata daha inamlı şəkildə inteqrasiyasına yönəldilib.
İki günlük təlim iştirakçılar tərəfindən fəal və maraqla qarşılanıb. Təlim zamanı yaranan səmimi ünsiyyət və qarşılıqlı dəstək mühiti layihənin əsas məqsədlərindən biri olan “tək deyilsən” mesajının iştirakçılara çatdırılmasına mühüm töhfə verib.
Qeyd edək ki, layihə çərçivəsində mina və PHS-dən zərərçəkmiş şəxslərə psixososial dəstəyin göstərilməsi, onların sosial adaptasiyasının gücləndirilməsi və cəmiyyətə reinteqrasiyasına dəstək verilməsi istiqamətində fəaliyyətlər növbəti mərhələlərdə də davam etdiriləcək.
Təlimlərdən foto və video görüntülər qeydə alınıb.






